Press "Enter" to skip to content

32 il sonra qeyd edəcəyim ad günü

Nadir Azəri

Son yeniləmə: 26 Fevral 2024 09:23

Yaxud Xocalının özü kimi Xocalı soyqırımı qurbanlarının da ruhu azaddır

BAYRAQDAR MEDİA – Fevralın 26-da XX əsrin ən dəhşətli cinayəti, ən qanlı qətliamı olan Xocalı soyqırımının 32-ci ildönümüdür. Hər il olduğu kimi, bu il də Azərbaycan xalqı, bütün dünyada yaşayan azərbaycanlılar Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edəcəklər.

Əslində, ənənəvi olaraq yadetmə ilə bağlı mərasimlər bir neçə gündür ki, keçirilir. Həmin mərasimlərdə də qeyd edildiyi kimi, bu soyqırımı insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Buna görə də həmin cinayəti törədənləri, bu cinayətdə əli, izi, hətta mənəvi sevinci olan hər bir kəsi layiq olduğu cəzaya məhkum etməli, bu cəzanın kəsilməsinə qədər mübarizəmizi davam etdirməliyik.

Təzəgül Əliyevanın “unutmayaq” çağırışı

Necə ki, buna oxşar çağırışla həmin dəhşətli gecənin canlı şahidlərindən biri Təzəgül Əliyeva 2024-cü il fevralın 24-də keçirilən və Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatı zamanı dedi. T.Əliyeva ağlaya-ağlaya Azərbaycan xalqına müraciət etdi. Dedi ki, bu faciəni heç zaman unutmamalıyıq, bu faciənin kimlər tərəfindən törədildiyini hər zaman yaddaşımızda qoruyub saxlamalıyıq. Çünki unutsaq başımıza bundan betər bəlalar gələ bilər. Necə ki, illər öncə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikləri bizdən öncəki nəsillər, baba-nənələrimiz unutduqları üçun 1988-ci ildə bir daha bu mənfur qonşu dövlətin və xalqın bizə qarşı növbəti cinayətləri ilə üzləşdik.

Mən bu yazıda bəhs edilən filmin necə ərsəyə gəlməsi ilə bağlı də qısa məlumat verəcəyəm. Hələlik isə bir məqamın üzərində xüsusi dayanmaq istəyirəm. Yəqin bəzi oxucular, xüsusilə də bir zamanlar hansısa beynəlxalq təşkilatların keçirdikləri layihələr zamanı elə həmin beynəlxalq təşkilatın təmsilçilərinin (fərqi yoxdur yerli, yaxud xarici təmsilçi olsun), “jurnalist yazılarında nifrət aşılamamalıdır. Siz heç zaman “bu cinayəti ermənilər törətdi” deyə yazmayın. Bu, jurnalistika prinsipinə ziddir” formasında təlqinin təsirinə düşən media təmsilçiləri bu yazıdan sonra məni o “prinsipləri” pozmaqda günahlandıracaqlar. Amma onlara bir cavabım var: Xocalıda azərbaycanlı körpə qızcığazın diri-diri dərisini soyan cani ermənini də, sonra bunu “şövqlə” öz yazısında alçaqcasına bəyan edən mənfur Zori Balayanı da doğan məhz erməni anasıdır. Elə bir zamanlar azərbaycanlılara olmazın işgəncələr verən Andraniki də doğan erməni anasıdır. Nə hikmətdirsə, erməni anaları ancaq və ancaq vəhşi, qaniçən, faşist və türk düşməni olan övladlar doğurlar. Deməli ki, vəhşilik, qaniçənlik bu millətin genindədir. Ona görə də ağa ağ, qaraya qara deməliyik. Daha “mehriban qonşuluq”, ermənilərlə, ay nə bilim “xoş əhval-ruhiyyə şəraitində yaşamaq” kimi nağılların bir daha ədəbiyyatımıza, dərsliklərimizə yol açmasına imkan verməməliyik.

Bir zamanlar keçmiş SSRİ-nin Kremldəki başbilənlərinin bu cür təbliğatla bizə faciələrimizi unutdurduğunu yaddan çıxarmamalıyıq. Həmçinin dediyim kimi, indi də Batının həmin SSRİsayağı təbliğat aparmasına imkan verməməliyik. Təbii ki, mən Ermənistan vətəndaşları olan erməniləri nəzərdə tuturam. Onlardan bu gündən sonra bizə nə mehriban qonşu, nə də dost xalq olmaz!

Azərbaycan vətəndaşı olan ermənilərə gəlincə, adam balası kimi, başlarını aşağı salıb, qanunlarımızı qəbul edib, Azərbaycan bayrağı altında və Azərbaycan vətəndaşlığını qəbul edənlər buyurub burada yaşaya bilərlər. Amma başqa sevdaya duşənlər bilsinlər ki, Azərbaycan 1905-ci, 1918-ci, 1937-ci, heç 1988-ci ilin Azərbaycanı deyil!

Xocalı soyqırımı erməniliyin və erməni xislətinin kimlik vəsiqəsidir

Burada bir haşiyə də çıxmaq istəyirəm. Hesab edirəm ki, Xocalı soyqırımı erməniliyin və erməni xislətinin kimlik vəsiqəsidir. Bəli, bunu çəkinmədən demək olar. Çünki Xocalı soyqırımını bütün dünya erməniliyi hazırladı, bu dəhşətli cinayət bütün dünya erməniliyinin dəstəyi ilə reallaşdı. Yəni bu faciədə hər bir erməninin günahı, orada günahsız xocalıların tökülən qanında hər bir erməninin əli var. Bu qan onların vicdanına sıçrayıb.

Hərçənd ki, “erməni” və “vicdan” tamamilə bir-birinə zidd sözlərdir. Çünki əgər bu mənfur xalqın azacıq da olsa vicdanı olsaydı, 2020-ci ildəki acınacaqlı məğlubiyyətdən sonra yenidən qonşu torpağına göz dikməz, bu axmaq sevdaya düşməz, iyrənc revanşist sərsəmləmələri dilə gətirməzdilər.

Bəlli olduğu kimi, uzun illər öncə istər rus, istərsə də Batı ziyalıları ermənilərin gerçək kimliyinə işıq salan fikirlər, kəlamlar səsləndirib, bununla bəşəriyyəti ayıq-sayıq etmək istəyiblər. Amma təəssüflər olsun ki, bəlli çirkin məqsədlər naminə bəşəriyyətin Batı adlandırdığımız hissəsinin idarəçiləri bu fikirlərə məhəl qoymayıb, zaman-zaman ermənilərdən maşa kimi istifadə ediblər. Necə ki, indi də başda imperialist Fransa olmaqla Batı ölkələri yenə də erməni maşasını əllərinə alıblar.

Amma düşünürük ki, Batıda insanlıq hələ tam ölməyib. Dünyanın gələcəyini düşünən, müharibəyə qarşı olan kəsimlər də var. Biz də bu köşə ilə bir daha onlara üz tutub deyirik ki, erməniliyin, erməni xislətinin kimlik vəsiqəsi məhz Xocalı soyqırımıdır. Ermənilər kim olduqlarını Xocalıda bütün dünyaya bir daha nümayiş etdirdilər. Ona görə də erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyin.

Təşəkkürlər, cənab Ali Baş Komandan!

Bütün bunları qeyd etməklə yanaşı vurğulamağı borc bilirik ki, bu il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anım mərasimləri bir başqa əhval-ruhiyyədə keçir. Çünki artıq bütün torpaqlarımız, o cümlədən Xocalı işğaldan azad edilib. Artıq Xocalıda şanlı Azərbaycan bayrağı dalğalanır.

Hesab edirəm ki, Xocalının işğaldan azad edilməsi, həm də günahsız yerə qətlə yetirilən Xocalı sakinlərinin də ruhlarının azad edilməsi deməkdir. Çünki deyirlər, vəfat etmiş insanın ruhu adətən öz doğma yerində, ocağında daha çox olur. Amma soyqırımı qurbanı olan Xocalı sakinlərinin ruhu da bu ilə qədər o doğma yerlərdə əsir düşmüşdü. Çünki o torpaqlarda bu ilə qədər nə bir “Yasin” oxunur, nə də “Allah sizə rəhmət eləsin” kəlamları eşidilirdi. Əvəzində o torpaqlarda yırtıcı xislətli ermənilərin vəhşi cingiltiləri eşidilirdi. Bu il isə mənzərə dəyişib.

Bu il Xocalı şəhidlərinin ruhu azad Xocalıda yad edilir. Onların ruhuna dualar oxunur. Buna görə də Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Məhz cənab Ali Baş Komandanın qətiyyəti, igid Azərbaycan övladlarının qəhrəmanlığı sayəsində tarixi Zəfər qazandıq. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük lokal xarakterli antiterror tədbirləri sayəsində artıq bütün ölkə ərazisində, o cümlədən Xocalıda dövlət suverenliyi bərpa edilib. Bu xoşbəxtliyi bizə yaşadanlara eşq olsun!

Bu başqa bir ad günüdür

Dəyərli oxucular yəqin ki, yazımızın başlığına diqqət etdilər. Başlığı heç də təsadüfən “32 il sonra qeyd edəcəyim ad günü” qoymamışam. Çünki mən 1973-cü ildə məhz fevralın 26-da dünyaya gəlmişəm. Və 1992-ci ildən bəri öz ad günümü doğulduğum tarixdə qeyd edə bilmirəm.

50 yaşın pəncərəsindən görünənlər

Nə gizlədim, bəzən dost, qardaş heç olmasa bir tort kəsilməsini təklif edib bu illər ərzində. Lakin həmin tort da ya fevralın 25-də, ya da 27-də kəsilib. Heç ötən il yubiley yaşımı da qeyd etməyi lüzum görmədim. Çünki həmin vaxt Xocalıda hələ üçrəngli bayrağımız dalğalanmırdı.

Amma artıq Xocalı azaddır və düşünürəm ki, bir zamanlar dostlara dediyim “inşallah, mən özümə təmtəraqlı ad gününü Xocalı işğaldan azad edildikdən sonra edəcəyəm” sözünə əməl etməyin vaxtıdır. Bizə, yəni taleyinə fevralın 26-da anadan olmaq düşmüş azərbaycanlılara nəhayət ki, ad gününü doğulduğu tarixdə qeyd etmək imkanı yaradan qəhrəmanlara bir ayrı təşəkkür düşür.

Mən bu məqamda ölkədə fəaliyyət göstərən televiziya kanallarına bir təklif də vermək istəyirəm. Xocalı soyqırımı talelərinə bu və digər şəkildə təsir edən, mənim kimi (bəxtinıə fevralın 26-da anadan olmaq düşən) Azərbaycan vətəndaşlarından bir neçəsi ilə elə Xocalıda gözəl bir reportaj etmək olar.

QHT sektoru yenə ön sıradadır

Son olaraq yuxarıda bəhs etdiyim Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatına toxunmaq istərdim. Məlumat üçün bildirim ki, “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb. Bu film haqqında çox danışmaq olar. Lakin dəyərli oxucularımıza tövsiyəmiz budur ki, fevralın 26-da saat 21:00-da AZTV-də göstəriləcək bu filmə baxsınlar. Əminəm ki, o zaman hər kəsdə bizim gəldiyimiz qənaət formalaşacaq.

Həmin qənaət isə ondan ibarətdir ki, bu film QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tariximizə, milli mənəvi dəyərlərimizə, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlara diqqətinin növbəti bariz nümunəsidir. Növbəti ona görə ki, Agentlik, xüsusilə də 2021-ci ilin noyabrından sonra bu taleyüklü məsələləri diqqət mərkəzində saxlayıb. Agentliyin icraçı direktoru Aygün Əliyevanın mərasimdəki çıxışı zamanı qeyd etdiyi kimi, əsir, girov və itkinlər mövzusuna müvafiq QHT layihələrində geniş yer verilməsi əsas prioritetlərdən biridir.

Bu məqam alqışlanmaqla yanaşı ondan da xəbər verir ki, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısından güc alan QHT sektoru ona olan inamı doğrultmaq üçün var gücü ilə çalışır. Bu gün yeniləşən QHT sektoru dövlət və xalq üçün strateji əhəmiyyət daşıyan bütün proseslərdə ön sıradadır.

Mission News Theme by Compete Themes.