Son yeniləmə: 23 Fevral 2024 11:34
BAYRAQDAR MEDİA – Fevralın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Dövlət Universitetində keçirilən “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nümayəndəlikdən məlumat verilib.
Bildirilib ki, “tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin və universitetin nəzdində fəaliyyət göstərən kolleclərin tələbələri iştirak ediblər. Görüşdə çıxış edən səlahiyyətli nümayəndə universitet tələbələri ilə əvvəlki görüşləri xatırlayaraq ötən dövrdə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, “Heydər Əliyev İli”ni qeyd etdiyimiz 2023-cü il Naxçıvan Muxtar Respublikası üçün uğurlu il oldu, Heydər Əliyev irsi geniş təbliğ olundu. Ulu Öndərimizin zəngin dövlətçilik yolundan bəhs edən Fuad Nəcəfli gənclərin hər birinə əbədiyaşar liderimiz qədər vətənpərvər olmağı, Vətənini sevməyi arzulayıb. Vurğulanıb ki, bu siyasət bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən böyük uğurlar və qələbə əzmi ilə davam etdirilir”.
Məlumata görə, Fuad Nəcəfli bildirib ki, ötən dövrdə əhali ilə mütəmadi görüşlər keçirilib, muxtar respublikanın gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib: “Ölkə başçısının 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib və icrası üçün maliyyə vəsaiti ayrılıb. Çoxvektorlu Dövlət Proqramı sosial-iqtisadi həyatın bütün sferalarını əhatə edir. Proqrama əsasən bu il yaranmasının 100-cü ildönümünü qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında xüsusi iqtisadi rejim tətbiq olunacaq, diyarımızın iqtisadi inkişafı üçün daha geniş imkanlar açılacaq. Ötən ilin sonlarından icrasına başlanılan proqramın hədəf aldığı bu istiqamətlərdən biri də etibarlı gəncliyin yetişdirilməsi üçün təhsilin hərtərəfli inkişafına nail olmaqdır. Proqramda Naxçıvan Dövlət Universitetini daha da inkişaf etdirəcək layihələrin icrası nəzərdə tutulur”.
Sonra söz Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanovun moderatorluğunda tələbələrə verilib. Səlahiyyətli nümayəndə 2 saatdan artıq bir müddətdə yerli və xarici tələbələrin, eləcə də universitetin gənc əməkdaşlarının ünvanladığı 30-dan çox sualı ətraflı cavablandırıb, müraciət və təkliflərini dinləyib.
Fuad Nəcəfli səmimi görüşdə tələbə-gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərməyi, intellektli, savadlı gənclik kimi folmalaşmalarını, bilik və bacarıqlarını ölkəmizin inkişafı naminə səfərbər etmələrini tövsiyə edib, tədrisdə və gələcək karyeralarında uğurlar arzulayıb.
Sonda “Açıq mikrofon” layihəsinin bütün iştirakçıları ilə xatirə fotosu çəkilib.