BAYRAQDAR MEDİA – Fevralın 22-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2024 -cü il teatr müəssisələrinin regionlarda nəzərdə tutulmuş qastrol səfərərlərinə uyğun olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “İnanıram” monotamaşası ilə Sumqayıt Dövlət Dram Teatrında qastrol səfərində olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında səhnələşdirilən eyniadlı monotamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edib”.
Sonra xəbərdə bildirilir ki, “Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən yamacda tək bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən anasının haqqında çox bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada, sadəcə, bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır…”.
Qeyd edək ki, səhnə əsəri Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və onların analarına həsr olunub.