Press "Enter" to skip to content

III Bakı Elm Olimpiadası

III Bakı Elm Olimpiadası keçiriləcək

Son yeniləmə: 23 Fevral 2024 13:47

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında III Bakı Elm Olimpiadası keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “BŞTİ və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir. Olimpiada 9-cu və 10-cu sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq”.

Məlumata görə, olimpiadanın I mərhələsində iştirak edəcək komandalar 29 fevral 2024-cü il tarixinədək elektron qeydiyyatdan (https://forms.gle/VxUrKEVtWB5tXodA7) keçməlidirlər: “Olimpiadanın I mərhələsində (9 mart) ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə qazanacaq. I mərhələdə iştirakçılar 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını, final mərhələsində isə 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli tapşırıq) və növbəti 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirməlidirlər. Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komandalar və şagirdlər diplomla təltif olunacaq”.

Mission News Theme by Compete Themes.