BAYRAQDAR MEDİA – Fevralın 23-də elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Nərminə Hüseynovaya həvalə olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “N.Hüseynovanı kollektivə elm və təhsil nazirinin müavini Həsən Həsənli təqdim edib. Tədbirdə Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və müəllimlərin sertifikatlaşdırma imtahanlarına hazırlığı məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib”.
Çıxış edən N.Hüseynova öz növbəsində ona göstərilən etimada görə minnətdarlığını bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.
Daha sonra xəbərdə bildirilir ki, “N.Hüseynova Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərlə iş şöbəsində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb. O, 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra ETN-nin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində işləyib. 2020–2023-cü illərdə ETN-də Aparat rəhbərinin müavini olaraq çalışan N.Hüseynova 2023-cü ilin oktyabr ayından MÜTDA-nın direktor müavini kimi fəaliyyət göstərib”.
N.Hüseynova Bakı Dövlət Universitetində (BDU) və Böyük Britaniyanın Nottinqem Universitetində beynəlxalq münasibətlər və dövlət idarəçiliyi üzrə təhsil alıb.
Evlidir, 2 övladı var.
Qeyd edək ki, BŞTİ-nin müdiri vəzifəsində çalışan Mehriban Vəliyeva 4 oktyabr 2023-cü il tarixində MÜTDA-nın direktor müavini təyin edilib.