BAYRAQDAR MEDİA – Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçiriləcək olimpiadadır. Olimpiada türk xalqlarının “Dildə, fikirdə, işdə birlik” şüarının fərqində olmaları və gənclərin qardaş xalqların nümayəndələri ilə təhsil yolu ilə birləşməyini hədəfləyib.
TİO Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. FDO 2009-cu ildən Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Nəşrləri tərəfindən təsis edilib. 13 buraxılışı keçirilmiş FDO-da suallar inteqrativ formatda hazırlanır. Bir sualın şərtində və cavab variantlarında 2-5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqında olacaq.
Olimpiadanın dörd əsas məqsədi var:
1. Türk xalqlarının ortaq dil, əlifba və dərsliklərinin ideyasına dəstək;
2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;
3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;
4. Türk xalqlarının “Dildə, fikirdə, işdə birliy”in fərqində olması və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etməsi.
Olimpiadanın əhatə dairəsi: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, KKTC, Tatarıstan, Krım, Qaraçaylar, Gagauziya, Çuvaşıstan, Özbəkistan, Balkariya, Başqırdıstan, Altay, Tuva, Saxa Yakutiya, Xakasiya, Batı Trakya, Doğu Türküstan, Güney Azərbaycan, Kərkük türkləri.
Olimpiadada bu şərtlərlə iştirak mümkündür:
1. Hər bir türk ölkəsi öz seçim mərhələsini təşkil edəcək;
2. Seçim mərhələsində 40 faizdən çox nəticə göstərən şagirdlər finalda iştirak haqqı qazanacaq;
3. Hər komandanın rəhbəri olacaq;
4. TİO-nun son qeydiyyat günü 13 yaşı tamam olmuş və yaşı 16-dan çox olmayan məktəblilər iştirak edə biləcəklər.
TİO iki mərhələdə keçiriləcək:
1. Seçim mərhələsi (milli raund) – fevral-aprel ayları;
2. Final mərhələsi (qlobal raund) – may ayı.
Olimpiada 20 sualdan ibarətdir. Qiymətləndirmə isə sualların çətinlik dərəcəsinə uyğun aparılacaq:
1) 5 asan sual 4 bal;
2) 10 orta sual 5 bal;
3) 5 çətin sual 6 bal.
Maksimum bal 100-dür. İmtahan müddəti 60 dəqiqədir. Əlavə məlumat üçün: +994 (77) 220 0302.
Qeyd edək ki, bu elanı BAYRAQDAR MEDİA-ya “Hədəf” Şirkətlər Qrupundan göndəriblər.