Son yeniləmə: 22 Fevral 2024 16:28
Şəmil SADİQ – HƏDƏF Qrupun qurucu direktoru, ANAİB idarə heyətinin sədri
BAYRAQDAR MEDİA – Həftəlik dərs saatları otuz saatdan başlayır. Yuxarı siniflərdə bu, qırx saata qədər qalxa bilir. Bəs yemək? Uşaqlar məktəbdə qalsalar da, yeməyi dövlət vermir. Amma bütün məktəb yeməkxanalarına dövlətin ciddi nəzarəti var və qiymətlər minumumdur.
Maraqlı məqamlardan biri də odur ki, pandemiyadan sonra həftədə bir gün şagirdlər evdə qalır, sadəcə verilən tapşırıqları edir, öz üzərlərində işləyirlər. Amma o gün müəllimlər işə gəlir və təlim keçirlər.
Çox maraqlıdır ki, Sinqapur təhsilində “tyuşin” dedikləri əlavə hazırlıq sistemi çox məşhurdur. Məktəbdən sonra, demək olar ki, əksər şagirdlər universitetə qəbul olmaq üçün əlavə hazırlıqlara gedirlər. Bu qədər ağız dolusu danışılan təhsil sistemində əlavə hazırlıqların olması, oradakı təhsil mütəxəssislərini də narahat edir.
Deyilənə görə, əlavə hazırlıqlarda milyardlarla pul vəsaiti dövr edir. Çünki uşaqların gələcək həyatını yönləndirən, onu idarə edən altı əsas imtahan var və bu da həmin hazırlıqların yaranmasına səbəb olur.
Amma bütün hazırlıqlar rəsmidir. Vergidən yayınma halları yoxdur, ola da bilməz. Çünki dövlətin güzəştli vergi şərtləri var və kiçik sahibkarlıq üçün çox cüzi vergi var. Ona görə də kimsə buna cəhd etmir. İki minə qədər gəlir zamanı vətəndaş vergidən azaddır. Vergilər gəlir çoxaldıqca artır. Ona görə də bir müəllim evində hazırlıq etsə də, ödənişi rəsmi şəkildə alır. Əks təqdirdə çox ciddi cərimələri var.
Deyirəm, bu qədər məşhur olan Sinqapur təhsili yaxşıdırsa, məktəblər lazımi tədrisi verə bilirsə, onda valideynlər niyə məktəbdən sonra hazırlıq kurslarına bu qədər çox üz tutur, milyonlarla pul xərcləyirlər? Nə ehtiyac var buna, əgər təhsil yüksək səviyyədədirsə?
Valideynlərin gözləntilərinin tək səbəbi var: ayrıca müəllim sektoru yaradılsın. Kifayət qədər yaxşı təhsil sistemimiz var, sadəcə valideynlər bununla kifayətlənmək istəmirlər. Nə üçün? Çünki Sinqapur balaca ölkədir. Çox şey var ki, özümüz istehsal edə bilmirik, yemekdən tutmuş fərqli sektorlara. Ona görə bizim əlimizdə olan tək resurs insanlar olduğu üçün hamı bu mentalitetə öyrəşib ki, ola bildiyi qədər uşağı yükləsinlər. Məktəbdə öyrənirsə, yaxşı təhsil var. Amma daha yaxşı təhsil yox, daha da yaxşı təhsil bizim üçün kifayətdir. Ona görə də uşaqları əlavə müəllim yanına göndərməyə məcbur edirlər.
Deyirəm, nazirlik qiymətləndirmə sistemində müəyyən yüngülləşdirmə aparır, amma hər ay kursların sınaq imtahanlarına on minlərlə uşaq girir, axı niyə?
Bəli, dövlət bir zamanlar pulsuz etdiyi sınaqları ləğv edir, kurslar isə onu valideynlərin tələbi ilə ödənişli keçirir!
Beynəlxalq məktəblər qurucusu Jaspal Sidhu deyir:“Bu mənim Sinqapurla bağlı qəbul etmədiyim mövzulardan biridir. Dünyanın ən qabaqcıl ölkələrindən biriyik, amma əlavə müəllim yanına getməyin bir milyonluq dəyəri var. Bu ondan qaynaqlanır ki, Sinqapurda altı əsas imtahan var. Bu imtahanlar, sözün əsl mənasında, gələcəyinizi quracağınız üçün qərar verəcək ki, hansı yolu seçirsiniz, hansı universitetə gedəcəksiniz və s. Asiya millətlərinin mentalitetindən gələn bir təzyiq var, hansı ki mən ən qabaqda olmalıyam, ən birinci olmalıyam. Uşaqların üstünə çox təzyiq qoyulur”.
Nəinki şagirdlər, hətta valideynlər, valideynlərin valideynləri belə övladlarını öyrətmək üçün hazırlıqlara gedirlər. Demək olar ki, həyatınbütün sahələrində əlavə hazırlıq sistemi var.
Deyirəm, müəllimlərin performans dəyərləndirilməsi, akkreditasiyası necə aparılır? Bir müəllim Sinqapurda necə işə düzəlir vəonun illik performansı hansı sistemlə tənzimlənir?
Şimal Baharı İbtidai Məktəbində Məsləhət Şurasının sədri Doktor David qeyd etdi:“Universitetin pedaqogika fakültəsini bitirən şəxs müəllim olmaq istəyirsə, Təhsil Nazirliyinin siyasətini həyata keçirən institutda hökmən iki təhsil almalıdır. İki ilin sonunda imtahan verərək müəllimlik sertifikatı alan şəxs müəllim işləyə bilər. Universiteti nə vaxt bitirməsindən asılı olmayaraq bu imtahanı verməlidirlər. Bu təhsil ödənişlidir, amma müəllimlər ödəniş etmirlər. O şərtlə ki iki illik müəllimlik bacarıqlarıilə bu imtahanı uğurla başa vursunlar. Əgər imtahandan keçməsələr, həmin xərcləri müəllim ödəyir. Ondan sonrakı illərdə isə müəllimlər hər il müəyyən kurslara cəlb edilirlər. İlin əvvəlində qarşısına qoyduqları hədəfləri yerinə yetirirlər. Bunun nəticəsində yüksələ də bilər, işdən çıxarıla da. İşdən çıxarma direktorun səlahiyyətindədir. Direktor müəllimi işə götürə də bilər, çıxara da. Məhz burada ağlımıza gələn ilk məsələ budur: “Bəs direktorun obyektivliyinə dövlət əmindir?”
Doktor Davit bəy düşünmədən təsdiqləyir:“Çünki onlar da xüsusi bacarıqlarına görə seçilir, təlimlərdən keçirilir”.
Yenə təkrarladım: “Dövlət bir nəfərin qərarına necə güvənə bilər? Bəlkə, rüşvət aldı…”
Çarəsiz qalan David bəy dedi: “Qorxurlar, ala bilməzlər”.
Hətta bir hekayə də danışdı ki, havalar isti imiş, aşağı vəzifəli işçilərdən biri həmişə onlara su alıb verirmiş. Bu bir neçə dəfə təkrarlanıb və dövlət bunu eşidən kimi ondan suyu alıb içənləri də, onu da işdən çıxarıb. Ona görə də qorxurlar rüşvət almağa.
Müəllimlərin maaşı çoxdur və heç kim bu peşəni buraxıb getmək istəmir. Çünki bizim valyuta ilə maaşlar 8000 – 15000 manat arası dəyişir.
Müəllim ilk işə başlayanda üç istiqamətdə inkişaf proqramını seçə bilər:
1. Məktəb menecerliyi;
2. Pedaqogika – müəllimlik;
3. Təhsil mütəxəssisi.
Ona görə də hər birinin inkişaf istiqaməti fərqlidir.Ən çətin olanı da məktəb menecerliyidir. Çünki bu ən yaxşısıdır.
Ghazali Abdul Wahab deyir: “Maaşlar Sinqapurda təxminən səkkiz – on beş min arası dəyişir. Onlarmüəllimliyibuna görə atmırlar ki, kifayət qədər yaxşı maaş alırlar.Sinqapurda müəllimləri sadəcə o şəkildə motivasiya edirlər. Baxa bilərsiniz ki, Avstraliya, İngiltərə müəllim çatışmazlığı yaşayır. Çünki müəllimlərin maaşı azdır. Sinqapurdaelə bir problem heç vaxt yaşanmır. Eyni zamanda sinfin performansından asılı olaraq müəllim bonuslar ala bilir. Eyni müəllimöz sinfini nə qədər yaxşı öyrədirsə, daha çox maaş alacaq”.
Görüşü təşkil edən şirkətə öndəcədən demişdik ki, daha çox dövlət məktəbləri və Təhsil Nazirliyi ilə çalışan pedaqoqlarla görüş maraqlıdır. Amma məlum olur ki, dövlət məktəbləri bu cür müraciətlərə isti baxmır və hər şey nazirlikdən idarə edilir. Hətta hansısa bir dövlət məktəbində çalışan müəllim belə bu cür görüşlərə maraqlı deyil. Bir növ rəhbərlikdən qorxur ki, bu məsələ qarşılığında nəsə aldığı düşünülər. İcazə almaq isə böyük müşküldür. Buna baxmayaraq görüşlərimiz daha çox təqaüddə olan mütəxəssislər və dövlətdə çalışıb sonradan beynəlxalq məktəblərə keçən şəxslərlə oldu.
Sinqapurda dərslikləri valideynlər alır. Alternativ dərsliklər var və məktəbin qərarına görə dərslik seçilir. Amma əlavə çoxlu dərslik var ki, bu da əlavə hazırlıqların aktiv olduğunun nəticəsidir.
Sinqapur təhsil sisteminin ən uğurlu tərəfi çevik olmasıdır. Yeniliklərə tez və operativ cavab verirlər. Texnologiyadan daha çox istifadə edilir. Texnologiya deyəndə biz daha çox smart-lövhələri nəzərdə tuturuq, amma onlarda ağıllı lövhələrdən çox az istifadəedilir, daha çox bəyaz lövhələrdir. Bunun yerinə bütün şagirdlərin notbuku var.
Onun da dəyərinin yarısını dövlət ödəyir. Səbəb isəbudur ki, on il əvvəl dəbə minən bu lövhələrin əlavə resursları olmadığı üçün müəllimlər istifadəyə maraqlı deyillər. Çoxlu internet resursları yaradılır, “ChatGPT” belə bu gün Sinqapur təhsilində istifadə edilir.
Yueh Mei Liu xanım deyir:“Biz son illərdə buna daha çox önəm veririk. XX əsr bacarıqları sizin dediyiniz kimi sosial-emosional zəkanı daha çox öyrətməyə çalışırıq. Səbəb də elə texnologiyadır. Biz sosial-emosional zəkanı kurikulum üzərində tətbiq etməyə çalışırıq ki, uşaqlar daha məsuliyyətli olsunlar. Bizim təhsil sistemində üç əsas faktor rol oynayır.Biri pedaqogikadır, biri kurikulumdur, biri də qiymətləndirmə sistemidir. Bizdə bu üçü də eyni anda dəyişir, eyni anda hərəkət edir deyə qabağa gedə bilirik. Təhsil Nazirliyinin bizdən gözləntisi odur ki,sadəcə bir hissə dəyişməsin. Məsələn, tək kurikulumu dəyişək, digərləri qalsın, belə olmaz. Digər ölkələrdə bu üç faktor bir-birindən ayrı şəkildə hərəkət etdiyi üçün onlar çox əziyyət çəkirlər. Əgər ikisi yerində qalıb, biri inkişaf etsə, çox qabağa gedə bilmirik”.
Çalışdım, bu yazıda məhz bizim ölkə təhsili üçün maraqlı məqamları qabardım və müqayisə imkanı yaransın. Amma elə görünməsin ki, dünya təhsilində önəmli yerdə olan bir ölkənin təhsilini bəyənmədim və ya bəyənməmək üçün mesajlar verirəm. Sadəcə istədim ki, uzaqdan çox parıltılı görünən nəsnənin içinə daxil olaq və aydın görə bilək.
Bu gün Sinqapur təhsili öz ölkəsi üçün birmənalı şəkildə uğurludur və bu uğurun əsas səbəbi isə düzgün kadr seçimi, yaxşı kadra lap yaxşı maaş vermək, texnoloji yeniliklərə açıq olmaq, kadr potensialı üzərində daima və formallıqdan uzaq iş aparmaq, birmənalı şəkildə rüşvət almamaq və verməmək, müəllimi dövlət tərəfindən daima qorumaq və dəsətəkləmək, öz prinsiplərini uzun illər öncədən müəyyənləşdirmək və üzərində düzgün icra işləri aparmaqdır.
Əgər Kurikulm varsa və bu işləyirsə, vicdanlı müəllim varsa və qanunlar doğru-dürüst işləyirsə, istənilən sistemdə uğurlu olmaq olar. Düzdür, görünən odur ki, Siqapur təhsili daha çox nəticə yönümlü və yaddaş təhsili üzərində qurulub, amma digər sahələr o qədər yaxşı inkişaf edib ki, yaddaş əsaslı təhsil narahatlıq yaratmır!