BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə Bakı Slavyan Universitetinin (BSU) kitabxanasına nəşrlər hədiyyə edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “BSU-da keçirilən yığıncaqda kitabxananın direktoru, Prof. Məmməd Əliyev, direktor müavini, Dos. Şəhla Tahirqızı, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, BSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, Dos. Nailə Xəndan, universitetin bir qrup müəllim və tələbə heyəti iştirak ediblər. N.Xəndan çıxışında bu günün tarixindən danışıb, həmçinin Azərbaycan ədəbi dilinin saflığına dövlət tərəfindən daim qayğı göstərildiyini vurğulayıb. Prorektor ana dilinin hərtərəfli inkişafının Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunmasına yönəlmiş düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirib, Prezident İlham Əliyevin dövlət dil siyasətini uğurla davam etdirdiyini diqqətə çatdırıb”.
Sonra xəbərdə deyilir ki, “M.Əliyev ana dilini qorumağın vacibliyindən söz açıb, Azərbaycanda bu istiqamətdə atılan addımlardan danışıb. Direktor diqqətə çatdırıb ki, Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Dilin formalaşması üçün vacib elementlərdən olan kitablardan da bəhs edən professor MEK tərəfindən dəyərli nəşrləri universitetin kitabxanasına təqdim edib. Tədbirdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Şəhla Əhmədovanın “Beynəlxalq Ana Dili Günü–dilimizin təəssübkeşlərinin günüdür”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Gülqız Adilovanın “Dilin və sözün həyatımızda rolu”, BSU-nun Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ruhəngiz Qəribovanın “Ana dilimizin inkişaf yolu” mövzularında məruzələri dinlənilib. Məruzələrdə ana dilinin əhəmiyyətindən, onun inkişaf mərhələlərindən, Azərbaycan dilinin təmizliyi, təbliği və qorunmasından geniş bəhs olunub”.
Sonda müzakirələrdə fəal iştirak edən universitet əməkdaşı və tələbəsinə MEK-dən istifadə üçün birillik ödənişsiz abunə kartı təqdim edilib.