Son yeniləmə: 22 Fevral 2024 13:25
BAYRAQDAR MEDİA – Sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə Nizami və Nərimanov rayonları üzrə görüş keçirilib. Bakıdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnsan resursları sektorunun müdiri Aygün Bayramova, iki rayon üzrə riyaziyyat, ingilis, rus, alman və fransız dili müəllimləri iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “BŞTİ-nin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin son dövrlər təhsil sahəsində aparılan genişmiqyaslı islahatların nəticəsi olduğunu, sertifikasiyanın müəllimlərin peşəkar inkişafına xidmət etdiyini qeyd edib. Sertifikasiya prosesinin təhsilin keyfiyyət göstəricilərinə təsirindən danışan A.Mustafazadə sertifikatlaşdırmadan keçən müəllimlərin daha üstün səriştə və bacarıq sərgilədiklərini vurğulayıb”. Məlumata görə, İnsan resursları sektorunun müdiri Aygün Bayramova sertifikatlaşdırmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alındığını xatırladıb və imtahanın təşkili qaydaları ilə bağlı danışıb. Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.