Son yeniləmə: 22 Fevral 2024 10:30
Emilya Sabit: “Bakü –Bizim məkan” Eskişehirdəki hər bir azərbaycanlı və bura qonaq gələn soydaşlarımız üçün doğma məkandır
BAYRAQDAR MEDİA – Qardaş Türkiyəyə, xüsusilə də Eskişehirə hər səfərim maraqlı anlar və məqamlarla yadda qalır. Bu dəfə də belə oldu. Eskişehirdə olduğum 3 gün ərzində həm qardaş ölkədə 31 martda keçiriləcək yerli seçki həyəcanının necə davam etdiyinin şahidi oldum, həm də Azərbaycanla bağlı olan gözəl bir məkana baş çəkmək imkanı əldə etdim.
Bura daxil olan hər kəs özünü bir anlıq da olsa Azərbaycanda hiss edir
Söhbət artıq 4 aydır ki, bu şəhərdə fəaliyyət göstərən “Bakü-Bizim məkan” adlı restoranından gedir.
Öncə onu deyək ki, bura sadə bir restoran kimi yanaşmaq düzgün olmazdı. Əslində, bura daxil olan hər kəs özünü bir anlıq da olsa Azərbaycanda hiss edir. Azərbaycan musiqisi, gözəl və dadlı mətbəx nümunələri, soydaşlarımızın gülərüzlü qarşılanması və məkanın hər qarışında əks olunan Azərbaycana aid foto və rəsmlər. Qarşısında iki qardaş ölkənin dövlət bayraqlarının dalğalandığı “Bakü-Bizim məkan”a daxil olan hər kəs məhz bu cür aura ilə ahətə olunur.
Belə bir məkanın olduğu barədə ilk dəfə oğlum Nihatdan məlumat aldım. Oğlumun “ata burada bir restoran açıblar. Azərbaycanın bütün növ yeməkləri, bütün şirniyyat nümunələri orada var” deməsi marağımı daha da artırdı.
Deyilənlərin nə qədər doğru olub-olmamasını yerində yoxlamaq qərarına gəldim. Həmin gün axşam Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydınla görüşməli idik. Dərhal zəng edərək, “Cavid bəy Nihat deyir ki, Eskişehirdə bir Bakı restoranı var. Bəlkə elə orada görüşək” dedim. Cavid bəyin görüşün orada keçirilməsinin məqsədəuyğun olacağını deməsi ilə saatı razılaşdırdıq.
Nə gizlədim, daxilimdə hələ də bəzi suallar vardı. Ona görə də həmin yerə müəyyən olunmuş vaxtdan yarım saat tez getməyə qərar verdik. Getdik və yazının əvvəlində bəhs etdiyim auranın, müsbət atmosferin şahidi olduq.
Burada “yoxdu” kəlməsini eşitməzsiniz
Qapıda bizi gülərüzlə qarşılayan gənc qarsondan menyunu istədik. Doğrudan da menyuda Azərbaycan mətbəxinə məxsus bütün yemək və şirniyyat növlərinin adları əks olunmuşdu. Gənc oğlandan “biz xaş yemək istəsək, səhər erkən təşkil edə bilərsinizmi” sualımıza da müsbət cavab aldıq. Hətta bu zaman kənardan bir xanımın “deyəsən Azərbaycandan gəlmisiniz. Narahat olmayın Bakıda restoranlarda və evinizdə yediyiniz milli xörəklərimizin hər birindən burada da yeyə bilərsiniz. Siz sifariş edin, biz hazırlayaq. Burada “yoxdu” kəlməsini eşitməzsiniz” dedi.
Bəlli oldu ki, bu, qətiyyətli və mehriban sözlərin müəllifi restoranın işlətməçisi, həmyerlimiz Emilya Sabitdir. Özümüzü təqdim edib, ondan BAYRAQDAR MEDİA üçün qısa bir müsahibə almaq istəyimizi ifadə etdik. Məlum oldu ki, 23 may 2004-cü ildə Azərbaycanın Sumqayıt şəhərində dünyaya göz açan Emilya xanım Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbi yüksək qiymətlərlə bitirib. SAT imtahanını uğurla verərək, qardaş Türkiyənin bir çox universitetlərindən qəbul alıb. Amma sonunda seçimi Eskişehirdəki Osmangazi Universiteti olub. Hazırda həmin universitetin Psixologiya fakultəsinin ikinci kurs tələbəsidir.
Eskişehirdə özümüzü yad hiss etməmişik
Gəlirik, əsas məsələyə, daha doğrusu, əsas suala – “Bu restoranın açılması ideyası haradan yarandı?
Emilya xanım dedi ki, əslində bu ideya onun və digər azərbaycanlı tələbələrin “öz yeməklərimizi”, yəni Azərbaycan yeməklərini yemək arzusundan doğub: “Biz bura gələndə gözəl atmosferlə qarşılaşdıq. Demək olar ki, Eskişehirdə özümüzü yad hiss etməmişik bu günə kimi. Bunun bir səbəbi qardaş ölkədə olmağımızdırsa, digər səbəbi də Eskişehir Azərbaycanlılar Dərnəyinin fəaliyyəti ilə bağlıdır. Cavid Aydın bəy burada elə gözəl fəaliyyət sərgiləyir ki, bunun nəticəsini də buradakı hər bir azərbaycanlı öz həyatında və fəaliyyətində hiss edir. Bununla belə, çatışmayan bir şey vardı. O da aramızda zarafatla “ana yeməyi” dediyimiz Azərbaycan mətbəxinə xas yeməklərin bişirildiyi hər hansı yerin olmaması idi. Yəni hər zaman bizim üçün yalnız bir əsas problem vardı. Azərbaycan yeməklərini tapa bilmirdik”.
“Niyə də yox” deyərək, hərəkətə keçdim
Emilya xanım dedi ki, hər zaman bu problemlə bağlı valideynləri ilə danışırmış: “Təbii ki, onlar da üzülürdü. Çünki tək mənim deyil, Eskişehirdə təhsil alan hər bir azərbaycanlı tələbənin bu məsələ, belə deyək ki, yaralı yeri idi. Bir dəfə isə biz bunu Dərnəyə gedərkən başqan Cavid bəyə də dedik. Həmin söhbət zamanı ortaya maraqlı bir ideya çıxdı. Cavid başqanın yarızarafat, yarıgerçək “istəyirsiniz burada bir restoran açın, orada Azərbaycan yeməkləri verin” deməsi məndə bir istək və iddia yaratdı. “Niyə də yox” deyərək, hərəkətə keçdim”. E.Sabit dedi ki, ilk olaraq valideynlərinə üz tutub: “Xüsusilə də atama “bu ideyanın gerçəkləşməsi üçün nələrsə etmək ola bilərmi” deyə soruşdum. Çox sağ olsun atam, həmən, “qızım niyə olmasın ki? Əgər istəyirsənsə və bunu bacaracağına inanırsansa qolunu çırmala hərəkətə keç. Mən də sənin arxandayam” dedi.
Valideynlərim başladığım işə hərtərəfli dəstək oldular
Beləliklə, “Bismillah” deyib işə başladıq. Öncə uyğun bir yer tapdıq. Sonra isə ad üzərində düşündük. Belə qərara gəldik ki, “Bakü – Bizim məkan” qoyaq adını. Bakını, Azərbaycanı düşünənlər, necə deyərlər Azərbaycan özləmlərini azacıq da olsun bizimlə yatırsınlar. Buranı öz məkanları bilsinlər. Sıra gəldi “kim çalışacaq” sualına və onun da cavabı dərhal tapıldı. Əlbəttə ki, özümüz önə çıxmalıyıq. Yenə də valideynlərim yanımda oldu. Başladığım işə hərtərəfli dəstək oldular. Bu restoranı hazırladıq və 2023-cü il noyabrın 22-də rəsmi açılış etdik”.
E.Sabit bu məqamda, “yaranmış fürsətdən istifadə edib BAYRAQDAR MEDİA vasitəsilə Cavid Aydın bəyə də minnətdarlıq etmək istəyirəm. Hər zaman bizə dəstək olur. Açılışımız da böyük təmtəraqla keçdi. Ankaradan və İstanbuldan qonaqlar, o cümlədən Eskişehirin rəhbər strukturlarının təmsilçiləri, vali yardımçısı, Azərbaycanın dostu Salih Altun bəy də açılış mərasiminə qatılmışdı. Təbii ki, bu da bizə əlavə ruh və güc verir” dedi.
Söhbət zamanı o da bəlli oldu ki, hazırda restoranda 4 nəfər çalışır: “Onlardan 3-ü azərbaycanlı tələbədir. Biri isə kababçıdır. Onu da Azərbaycandan dəvət etmişik. İnşallah imkanlar artıqca işçilərin sayı da artacaq. Təbii ki, yenə də azərbaycanlı tələbələri işə götürəcəyik. Düşünürük ki, bununla biz də onlara kiçik də olsa dəstək göstərmiş olarıq”.
Soydaşlarımız bura həm yemək yeməyə, həm də hətta ayrı-ayrı şənlikləri keçirməyə gəlirlər
O da vurğulandı ki, restorana maraq böyükdür: “Buradakı soydaşlarımız həm yemək yeməyə, həm də hətta ayrı-ayrı şənlikləri, ad günlərini və s. keçirməyə gəlirlər. Bu yaxınlarda isə bir nigah mərasimi üçün müraciət aldıq. Bundan başqa ətraf şəhərlərdən Kütahyadan, Afyondan soydaşlarımız həftəsonları Azərbaycan yeməyi yemək üçün bura üz tuturlar”.
Bəlli oldu ki, fevralın 7-də seçki günü burada səsverməyə gələn digər qonşu şəhərlərdən olan soydaşlarımız səsvermədən sonra avtobusu saxladıb, burada yemək yeyib sonra gediblər: “Elə soydaşlarımız var ki, burada yemək yeyib, durandan sonra “necə vaxtdır Azərbaycana getmirdim. Bura gəlməklə sanki Azərbaycana gedib-gəlmiş oldum” deyirlər. Buna görə də bacardığımız qədər Azərbaycan mətbəxinin bütün nümunələrini burada təqdim etmək istəyirik”.
Sabit Mansurov: Hər bir valideynin arzusu övladlarının uğur qazanmasına dəstək olmaqdır
Bu məqamda Emilya xanımın atası Sabit bəy də restorana daxil oldu.
Bəlli oldu ki, Sabit Mansurov da qızının bu fəaliyyətinə dəstək olmaq üçün Eskişehirdə qalır: “Hər bir valideynin arzusu övladlarının uğur qazanmasına dəstək olmaqdır. Mən də qızımın fəaliyyətinin uğurlu alınması üçün çalışıram. Ona yardım edirəm. Burada bəzi məsləhətlər verirəm. Bu məsləhətlər də ümumi işin xeyrinə olur. Məsələn, bilindiyi kimi Türkiyədə iri və xırdabuynuzlu mal ətinin dadı Azərbaycandakı kimi deyil. Amma heç olmasa bir az da olsun oranın dadını versin deyə, Afyondan kənddən ət gətirdirik. Eyni zamanda Azərbaycan çörəyi təqdim edirik. O çörəyi bişirmək üçün günlərlə fırınları gəzdik və nəhayət bunu bacara biləni tapdıq. İndi elə bir hala gəlmişik ki, hətta türklər belə o Azərbaycan çörəyini yemək üçün bura gəlirlər. Yəni, bura tüklər də çox gəlir və Azərbaycan yeməklırini çox sevilrər Məsələn şah plova üçün xüsusilə sevirlər”.
Cavid Aydın: Bura Eskişehir Azərbaycanlılar Dərnəyinin üzvləri üçün də doğma məkana çevrilib
Bu gözəl müsahibəmizə yekun notlarını isə artıq restorana daxil olan Cavid Aydın qoyur: “Nadir bəy, bura Eskişehir Azərbaycanlılar Dərnəyinin üzvləri üçün də doğma məkana çevrilib. Dekabrın 31-də burada gözəl bir bayram tədbiri keçirdik. İnşallah Novruz bayramında da yenə bu məkanda bir araya gələcəyik. Çünki bura hər birimiz üçün doğma məkana çevrilib”.