BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi xanım Saca Faruq Abdullahla görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “görüşdə UNICEF-in Azərbaycanda uşaqlara göstərilən immunizasiya xidmətinin gücləndirilməsi məqsədi ilə SN , o cümlədən səhiyyə sektorunda fəaliyyət göstərən digər tərəfdaşlarla əməkdaşlığın artırılması müzakirə olunub. Həmçinin, immunizasiya proqramlarına dəstək ola biləcək spesifik sahələrin araşdırılması və birgə fəaliyyət planının hazırlanması nəzərdən keçirilib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNICEF arasında əlaqələrin çoxşaxəli olduğundan danışıb. Nazir SN tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. T.Musayev vaksin preparatlarının da Azərbaycana UNICEF xətti ilə gətirildiyini vurğulayıb. O, Azərbaycanın UNICEF ilə əməkdaşlığının bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib”.
Öz növbəsində S.F.Abdullah xatırladıb ki, UNICEF Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb: “UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulması və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir”. Azərbaycan ilə UNICEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən S.F.Abdullah 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyət qarşılıqlı əlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib. O, Azərbaycan Hökümətinin 2023-cü ilin sonlarında başlayan və hazırda davam edən qızılca xəstəliyinin ölkədə yayılması ilə əlaqədar göstərdiyi çevik və fəal reaksiyasını, həmçinin SN-nin bu istiqamətdə apardığı maarifləndirici fəaliyyətini təqdir edib.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.