BAYRAQDAR MEDİA – 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. O cümlədən Azərbaycanda da bu günə xüsusi önəm verilir.
Belə bir gündə müzakirə ediləcək əsas məsələ, əlbəttə ki, məhz ana dilimizlə bağlı olmalıdır. O baxımdan biz də bəzi düşüncələrimizi yazıya keçirərək dəyərli oxucularımızla paylaşmaq istərdik.
Beləliklə, rəsmi adı Azərbaycan dili olan, qədim türk dillərindən biri kimi özünü təsdiq etmiş ana dilimiz müstəqillik şəraitində ən azad dövrünü yaşayır.
Ana dilimiz Konstitusiya ilə dövlət dili kimi təsbit edilib. Dövlətimizin tək rəsmi dili məhz öz dilimizdir. Bir sıra ölkələrdən fərqli olaraq bizdə başqa – yad dövlətin dilinin hər hansı rəsmi statusu yoxdur. Yəni biz dil məsələsində də gərək olduğu qədər azad və müstəqilik.
Amma elə məsələlər də var ki, onlar hələ də həllini gözləyir.
Bu məsələlərdən birincisi və ən vacibi Azərbaycan Respublikasında rus dilinin zərərli təsirinin hələ də qalmasıdır. Hətta bəzən bu təsir getdikcə genişlənir. Ona görə də dövlət ana dilimizin yad təsirdən qorunması üçün tədbirləri artırmalıdır.
Tədbirlərə gəlincə, hər şeydən öncə dövlət qurumlarında rus dilində danışmaq rəsmən yasaqlanmalıdır. Təəssüf ki, bir sıra dövlət qurumlarında rəsmilər öz aralarında hələ də rus dilində danışmağa həvəs göstərir. Şəhid qanıyla müstəqilliyini tam bərpa etmiş bir dövlət olaraq bu durum Azərbaycan üçün çox böyük ayıbdır.
İkinci əsas məsələ ölkəmizdəki rus məktəblərinin birdəfəlik bağlanması olmalıdır. Sözümüz əsasən dövlət büdcəsi hesabına fəaliyyət göstərən məktəblərə aiddir. Cəmi 100 min rus əhalinin yaşadığı ölkədə 150 mindən artıq şagirdin rus dilində, özü də dövlət hesabına təhsil almasının heç bir izahı ola bilməz. Həm də bizim – Azərbaycan xalqının ruslar və Rusiya qarşısında özümüzü bu qədər aşağılamağımız artıq yetər. Özümüzə, dövlətimizə hörmət edək, xalqın pulu ilə işğalçı Rusiyanın mirası kimi fəaliyyət göstərən məktəbləri birdəfəlik qapadaq.
Təbii ki, kimlərsə rus dilində təhsil almaq hüququndan istifadə edə bilər. Bunun üçün ödənişli özəl rus məktəblərinin açılmasına şərait var.
Azərbaycan Respublikası ilə bərabər fars-molla rejiminin işğalı altındakı Güney Azərbaycan və bütünlükdə İrandakı türklərin ana dili məsələsi də bizim daimi diqqətimizdə olmalıdır. Biz Azərbaycan Respublikasında işğalçı ruslar üçün 350-dək rus məktəbini dövlət hesabına təmin etməkdəykən, fars-molla rejimi Güney Azərbaycandakı 40 milyon soydaşımıza bir məktəb belə açılmasına izn vermir. Ona görə də Azərbaycan Respublikası bütün mümkün platformalarda bu məsələnin üzərinə getməli, milli özünüdərki gücləndirmək üçün Güney Azərbaycanda türk məktəblərinin açılmasına nail olmalıdır.
Demək istədiyimiz odur ki, ana dilimizi Quzey Azərbaycanda ruslardan, Güney Azərbaycanda da farslardan birdəfəlik xilas etməliyik. Bunun üçün isə, yuxarıda da qeyd etdiyim kimi, hər şeydən öncə Azərbaycan Respublikasında rus dilinin təsirlərindən təmizlənmək lazımdır.