Qulu Məhərrəmli: “Nöqsanların əsas meydana gəlmə səbəbi dilə bir çox hallarda sayğısız münasibətin nəticəsidir, ana dilinin qaydalarını bilməməkdir”
BAYRAQDAR MEDİA – 21 fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Banqladeş səfirinin təşəbbüsü ilə 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub.
Bu gün ilə əlaqədar Əməkdar jurnalist, filologiya elmləri doktoru, Prof. Qulu Məhərrəmli BAYRAQDAR MEDİA ilə fikirlərini bölüşüb: “Beynəlxalq Ana Dili Gününün qeyd olunması bütün dünyada daha çox azsaylı – dili ölüb getməkdə olan xalqların öz dili uğrunda savaşının ifadəsi kimi ortaya çıxır. Amma bu, bütövlükdə mövcud olan dünya dillərinin, dünya xalqlarının da öz dili haqqında düşünmək, ona qayğı göstərmək imkanlarını ifadə edir. Bu baxımdan yanaşanda, əlbəttə Azərbaycan dili dünyanın ən cilalanmış, ən gözəl dillərindən biridir. Bu dil tətbiq olunduğu bütün sahələrdə sürətlə işlənir. Xüsusən də müstəqillik illərində Azərbaycan dilinin dövlət dili elan olunması qeyd edilməlidir. Dövlət dili haqqında qanun, bütünlükdə isə dillə bağlı 20-dən çox sənəd qəbul olunub. Bu gün dilimiz mətbuatda, televiziyada çox aktiv işlənir. Eləcə də kargüzarlıq, məhkəmə sistemi və başqa yazışmalarda ana dilinin imkanlarından biz geniş şəkildə istifadə edirik”.
Professor dilin istifadəsi zamanı ortaya çıxan problemlərdən də danışıb. Qeyd edib ki, problemlər və nöqsanlar həmişə olacaq. O, bu nöqsanların meydana gəlmə səbəbinin dilə sayğısız yanaşma olduğunu deyib: “Nöqsanların əsas meydana gəlmə səbəbi dilə bir çox hallarda sayğısız münasibətin nəticəsidir, ana dilinin qaydalarını bilməməkdir. Xüsusən televiziya və radio verilişlərinə çıxan bir çox insanlar öz ana dillərində yaxşı danışa bilmir, bəsit, çox cılız ifadələr işlədir. Əlbəttə ki, biz televiziya, radio dilini normativ dil, ədəbi dilin şifahi qolu hesab edirik”.
Q.Məhərrəmli həmçinin bildirib ki, teleradio işçiləri televiziyanı da, radionu da sözün həqiqi mənasında bir nitq mədəniyyəti tribunası kimi nəzərdən keçirməlidirlər, bilməlidirlər ki, bu nümunəvi dildir, etalondur və insanlar bir çox hallarda məhz televiziyaya, radioya görə öz danışıqlarını tənzimləyirlər.