Press "Enter" to skip to content

Kitab tanıtma: “Dil, tarix, poeziya”

Dil, tarix, poeziya

Son yeniləmə: 21 Fevral 2024 15:27

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında dilçi, Prof. Qəzənfər Kazımovun “Dil, tarix, poeziya” kitabı da var.

Beş fəsildən ibarət olan nəşrdə müəllifin dil və onun mənşəyi, Azərbaycan dilinin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanıb. Kitabda oxucu bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, Azərbaycan yazıçılarının əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaq.

Nəşrin girişindəki “Bir neçə söz” hissəsində müəllif yazır: “Ulu dil bəşərin sübh çağından nəhəng bir varlıq kimi boylanır. Öz törəmələrini hesaba almaq istəsə, təəccüb edər, çaşıb qalar. Onun ilk övladlarından – protodillərdən törəyən, bir dil ailəsi tərkibində birləşən qəbilə, tayfa, xalq dilləri daxilində ədəbi dil, dialekt və şivə qolları… – bunlar sanki on-on beş min il ərzində həndəsi silsilə ilə artıb çoxalıb. Ən maraqlısı da budur ki, bütün bunlarda böyük bir nizam var, poeziya var, son dərəcə böyük qanunauyğunluqlar var. Dərinliklərə baş vurduqca, keçmişini öyrəndikcə insan özündə mənəvi yüksəklik duyur… Dilin yaranması, dil tarixi, dialektologiya, türkologiya, söz birləşməsi, cümlə və mətn problemlərinə dair xeyli məqalə yazmışam. Yazıçı dilinə, bədii əsərlərin təhlilinə, görkəmli elm və sənət adamlarının portret cizgilərinə, metodika məsələlərinə həsr olunmuş məqalələrim var. Bunların demək olar ki, hamısı mərkəzi qəzet və jurnallarda çap olunub. Kitaba daxil edərkən mən onların üzərində yenidən işləmədim, yalnız redaktə xarakterli düzəlişler etdim. Məqalalərdə keçmiş quruluşa münasibətim olduğu kimi qalmaqdadır. Mövzudan və üslubdan asılı olaraq, məqalələr müxtəlif keyfiyyətdədir. Bunların içərisində ilk qələm təcrübələrim də var, yaxın vaxtlarda yazdıqlarım da. Hörmətli oxucu üçün xoş duyğular yaradan faydalı və isti bir söz tapılan anlarda mən də ruhən şad olacağam”.

Qeyd edək ki, kitab mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.