Press "Enter" to skip to content

Türkiyə- Azərbaycan qardaşlığında yeni dönəm

Hikmet Eren

Son yeniləmə: 20 Fevral 2024 13:26

Hikmet Eren: Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bir çox baxımdan tarixə yazıldı

BAYRAQDAR MEDİA – “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq yeni müstəviyə keçib. Hazırda iki qardaş ölkənin çox güclü əlaqələri var”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri ilə bağlı BAYRAQDAR MEDİA-ya özəl açıqlama verən EkoAvrasiya Fondunun Qəyyumlar Şurasının sədri Hikmet Eren deyib.

O, qeyd edib ki, bu səfər bir çox baxımdan tarixə yazıldı: “Gələcək üçün ən böyük arzumuz Azərbaycanla bizim aramızda olan ümumi dəyərləri və könül birliyini tədricən dərinləşdirmək və möhkəmləndirməkdir. Yenidən prezident seçilən İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi iki ölkə arasında körpülərin necə möhkəm qurulduğunu bir daha ortaya qoydu”.

H.Eren vurğulayıb ki, Türkiyə ilə Azərbaycan qlobal arenada bir çox uğurlara birlikdə imza ataraq ikitərəfli münasibətlərdə böyük irəliləyiş əldə edib: “İki qardaş ölkə regional sabitlik, iqtisadi inkişaf və ticarət həmrəyliyi mövzusunda əməkdaşlığı böyük əzmlə həyata keçirməyə davam etdirir. Ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət həcminin 7,5 milyard dollara çatması bu sahədə potensialın əhəmiyyətini göstərir. Sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın da qeyd etdiyi kimi, iki ölkə arasında “İpək Yolu”na çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti mahiyyətcə bu əlaqələrin bəhrəsidir”.

Hikmet Eren ikitərəfli münasibətlərini bütün sahələrdə maksimum səviyyəyə çatdıran Türkiyə və Azərbaycanın qarşılıqlı etimadı və sabitliyi qoruduqca beynəlxalq aləmdə layiq olduğu dəyərə çatacağına tam inandığını bildirib: “Qarabağdakı qələbə iki ölkə arasında qardaşlıq bağlarının nə qədər möhkəm olduğunu bütün dünyaya bir daha göstərdi. Qafqazda sülhün və suverenliyin rəmzinə çevrilmiş Azərbaycanın yanında olmaq xalqımız qarşısında tarixi məsuliyyətlərimizdən biridir. Bu məqamda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizi sülhün, sabitliyin və əməkdaşlığın təminatçısı kimi gördüyünü söyləməsi bizdə qürur hissi doğurur, gələcəyə ümidlərimizi artırır”.

H.Eren Türkiyə ilə Azərbaycan arasında imzalanmış “Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”nun gənc nəsillərin ortaq milli-mənəvi dəyərlərə malik yetişdirilməsinə yardımçı olması və pilot məktəb xüsusiyyəti təşkil etməsi baxımından çox əhəmiyyətli olduğunu bildirib: “Hər iki ölkə Türkiyə ilə Azərbaycan arasında iqtisadi, sosial və mədəni əlaqələrin daha möhkəm bir quruluşla davam etdirilməsi üçün böyük səy göstərir. Türk dünyasının əhəmiyyətini dəfələrlə vurğulayan və “Bir millət, iki dövlət” devizi ilə bu mübarək yolda bu anlayışla hərəkət edən prezidentlərimizə qətiyyətli mövqelərinə görə təşəkkür edir, iki ölkə arasında əməkdaşlıq və qardaşlığın əbədi davam etməsini arzu edirik”.

Mission News Theme by Compete Themes.