Press "Enter" to skip to content

Mətbuat Şurasında tarixi mirasla bağlı təqdimat

Tədbirdən görüntü

Son yeniləmə: 20 Fevral 2024 18:07

BAYRAQDAR MEDİA – Fevralın 20-də Azərbaycan Mətbuat Şurasında bu qurumun və Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya Mətbuat Şurasından daxil olub.

Bildirilir ki, MŞ sədri Rəşad Məcid açılış nitqində deyib ki, “Azərbaycan milli mətbuatı tarixində mühüm yerə və rola malik olan “Ziyayi Qafqaziyyə” qəzetinin transfoneliterasiyasının “Ziyayi Qafqaziyyə (1880-1884)” adlı kitab şəklində çapı məmnunluq doğurur. O, kitabın Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə ərsəyə gəldiyini diqqətə çatdırıb”.

R.Məcid onu da qeyd edib ki, ““Ziyayi Qafqaziyyə” “Əkinçi” qəzetinin bağlanmasından sonra mətbu nəşr boşluğunu aradan qaldıraraq, böyük missiya yerinə yetirib, səhifələrində XIX əsrin sonlarında Azərbaycandakı ictimai-siyasi vəziyyəti işıqlandırıb, dövrün ən aktual problemlərinə toxunub, mövzu və janr zənginliyi ilə seçilib”.

MŞ-nin xəbərində qeyd edilir ki, ““Ziyayi Qafqaziyyə” qəzetinin transfoneliterasiyası olan “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının baş redaktoru və ön söz müəllifi AMEA-nın Prezidenti akademik İsa Həbibbəyli, çapa hazırlayanı və redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri akademik Teymur Kərimli, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir. R.Məcid çıxışında yeni nəşrin “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirmək kimi məsul və çətin işin öhdəsindən gəlmiş dəyərli alim, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş mərhum Müştəba Əliyevin xatirəsinə dərin ehtiramın nümunəsi olduğunu da bildirib”.

“Toplantıda çıxış edənlərdən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsən, tanınmış jurnalist və elmi işçi, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, Prof. Vüqar Əhməd, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru, milli mətbuatımızın tədqiqatçısı Akif Aşırlı, MŞ İdarə Heyətinin üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət, Milli, İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondu Yayımlarının direktoru Əsəd Aslanoğlu, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli, tarix elmləri namizədi, Dos. Akif Nağı və başqaları əvvəl “Ziya”, sonra “Ziyayi Qafqaziyyə” adı ilə çıxmış qəzetin materiallarının kitab şəklində çapının əhəmiyyətini əsaslandırıblar”, – deyə xəbərdə bildirilir.

O da xəbər verilir ki, “natiqlər “Əkinçi” ənənələrini davam etdirmiş və ictimai fikir tariximizdə böyük iz buraxmış, ümmətçilikdən millətçiliyə keçidin təmin olunmasında misilsiz xidmətlərə malik “Ziyayi Qafqaziyyə”nin, o cümlədən ondan sonra fəaliyyət göstərmiş mətbuat nümunələrimizin 1918-ci il müstəqilliyinə aparan yola ideoloji nəfəs gətirdiklərini vurğulayıb, nəşrdə qaldırılan məsələlərin günümüz üçün də aktuallığından söz açıblar”.

“Toplantıda aparılan müzakirə gedişində bildirilib ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində işıq üzü görmüş digər nəşrlərimizin də transfoneliterasiyası, bu işdə vahid redaktə qaydalarının əsas götürülməsi vacibdir. Müzakirə gedişində, habelə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin qeyd edilən istiqamətlərdəki gələcək fəaliyyətinə nəzər salınıb, təqdimatı keçirilən nəşrin ərsəyə gəlməsinə görə AMEA rəhbərliyinə təşəkkür ifadə olunmaqla yanaşı, “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirən mərhum Müştəba Əliyevin əziz xatirəsi ehtiramla anılıb. M.Əliyevin oğlu Səid Əliyev atasının əməyinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.” Xəbər bu sözlərlə bitir.

Mission News Theme by Compete Themes.