Son yeniləmə: 20 Fevral 2024 11:25
Hulusi Kılıç: Cənab İlham Əliyev türk dünyası və TDT-nin gələcəyi ilə bağlı inamlı addımların atılmasında qətiyyət nümayiş etdirir
BAYRAQDAR MEDİA – “2024-cü ilin fevralın 7-si qədər fevralın 14-ü də türk dünyasının tarixinə yazıldı. Fevralın 7-si Azərbaycan xalqının növbədənkənar prezident seçkisində göstərdiyi yüksək fəallıq və cənab İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi ilə tarixə düşdü. Bu qalibiyyət türk dünyasının gələcəyi üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki məhz Prezident İlham Əliyevlə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın birlikdə atdıqları inamlı, qətyyətli addımlar sayəsində Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada önə çıxmağa başlayıb”.
Türk dünyası ilə bağlı qiymətli fikirlər
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
O, qeyd edib ki, fevralın 14-də keçirilən andiçmə mərasimindən sonra cənab İlham Əliyevin çıxışı və bu zaman türk dünyası ilə bağlı qiymətli fikirləri də tarixə yazıldı: “Cənab Preizdent İlham Əliyevin “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” deyə bəyan etməsi həm türk dünyasına, həm də bəşəriyətə ünvanlanmış bir mesaj oldu. Türk dünyasına o mesaj oldu ki, biz bundan sonra daha da sıx birləşməli və birlikdə daha da inamlı addımlar atmalıyıq. Dünyaya isə o mesaj oldu ki, daha bir qlobal güc, birlik beynəlxalq arenada öz sözünü deməyə gəlir. Hesab edirəm ki, Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışında tükr dünyasına dair fikirləri uzun müddət müzakirə və təhlil mövzusu olacaq”.
Eyni kökdən və soydan olan xalqların yaratdığı mühüm güc mərkəzi
H.Kılıç deyib ki, əslində bu çıxışı Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti üçün bir yol xəritəsi kimi də dəyərləndirmək lazımdir: “Cənab Prezident çıxışında “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” deyə bəyan etdi. Prezident İlham Əliyevin bu sözləri Türk Dövlətləri Təşkilatının indiki statusundan daha ciddi və əhatəli, vahid mövqedən çıxış edən, eyni kökdən və soydan olan xalqların yaratdığı mühüm güc mərkəzi olacağını ifadə edir. Xüsusilə “Türk dövlətləri böyük hərbi gücdür!” ifadəsi yaxın perspektivdə TDT coğrafiyasında hansı mühüm proseslərin gedəcəyindən xəbər verən, bu strateji istiqamətə işarə vuran olduqca vacib və tarixi cümlədir. Hesab edirəm ki, bu, TDT-nin gələcək fəaliyyəti üçün bir yol xəritəsi hesab oluna bilər. Yəni bizim əlimzidə böyük bir güc var və o gücü inkişafımıza, təhlükəsizliyimizin təminatına yönəltməliyik. Bunun da yolu Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsindən keçir. Deməli, zaman itirmədən bu istiqamətdə addımlamalıyıq”.
Bu, digər ölkələrin də eyni addım atması üçün stimul olacaq
Müsahibimiz əmin olduğunu vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq əlaqələri TDT daxilində bir nümunədir: “Bu, digər ölkələrin də eyni addım atması üçün stimul olacaq. Zamanında nə deyirdik? XXI əsr türk əsri olacaq. Məncə, biz artıq türk əsri haqqında tədricən gələcək zamandan daha çox, indiki zamanda danışmağa öyrəşməliyik. Bu gerçəklik məhz İlham Əliyev kimi böyük Türk Liderinin sayəsində mümkün olub”.
Qardaşlıq ənənələri davam edir
H.Kılıç əlavə edib ki, cənab İlham Əliyevin növbəti dəfə prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi qardaşlıq ənənələrinin davam etdiyinin daha bir sübutudur: “Bu səfər, Türkiyə və Azərbaycan prezidentlərinin görüşündə, o cümlədən mətbuata birgə bəyanatlarında səsləndiirlən fikirlər isə TDT-nin gələcəyinı dair addımların atılmasında qətiyyətli mövqeyi bir daha sərgilədi. Cənab İlham Əliyevin “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır” sözləri dünyanın diqqətini bir daha Türkiyəyə yönəltmiş oldu. Bu həm də qlobal güclərə bir mesaj oldu ki, onlar bu regionda hər hansı addım atarkən Türkiyə faktorunu unutmamalıdırlar”.
Biz öz gücümüzə güc qatırıq
Keçmiş səfir qeyd edib ki, cənab İlham Əliyevin Ankaradakı çıxışında diqqəti bir daha türk dünyası və TDT-yə yönəltməsi də sıradan bir məsələ deyil: “Cənab Prezident bəyan etdi ki, biz öz gücümüzə güc qatırıq və təbii ki, türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Qeyd edildi ki, görüşdə bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. O da məlum oldu ki, Türk Dövlətləri Təşkilatının 2024-cü ilin iyulunda Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu zaman cənab İlham Əliyevin təşkilatda müşahidəçi statusunda olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatarın da məhz onun dəvətilə bu görüşdə iştirak edəcəyini deməsi və “bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək” deyə bəyan etməsi bir gerçəkliyi yenidən ortaya qoydu. Cənab İlham Əliyev türk dünyası və TDT-nin gələcəyi ilə bağlı inamlı addımların atılmasında qətiyyət nümayiş etdirir. Yəni cənab İlham Əliyev digər məsələlərdə olduğu kimi bu məsələdə də qətiyyətli mövqeyini ortaya qoyub və bu istiqamətdə qətiyyətli addımların atılmasında israrlı olduğunu da Ankarada keçirilən görüşdə bir daha nümayiş etdirdi”.