BAYRAQDAR MEDİA – Fevralın 29-da Xankəndi şəhərindən başlayacaq ultra marafon iştirakçıları 380 km qət edərək finişə Bakıda çatacaqlar. Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir.
Bu haqda xəbəri sözügedən Nazirlik yayıb.
Xəbərdə bildirilir ki, “marafon iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər”.
“Qürurla irəli” şüarı ilə keçiriləcək marafona qoşulmaq üçün sonuncu gün 20 fevral olaraq müəyyən edilib. Bildirilir ki, 18 yaşdan yuxarı hər kəs müvafiq keçid vasitəsilə qeydiyyatdan keçə bilər.
O da qeyd edilir ki, yerlər məhdud olduğu üçün qaçış təcrübəsi olanlara üstünlük veriləcək.