Press "Enter" to skip to content

Türk dünyasının gələcəyinə işıq tutan fikir

Hikmət Babaoğlu

Hikmət Babaoğlu: Artıq Türkiyə-Azərbaycan münasibətləri nədirsə, Türk Dövlətləri Təşkilatıan üzv olan ölkələrin birinin digərinə münasibəti də məhz bu şəkildə olacaq

BAYRAQDAR MEDİA – “Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında ölkəmizin gələcək inkişaf perspektivinə dair bir sıra mühüm məsələlərə toxundu. Dövlət başçısı milli dövlətçiliyimizin inkişafı kontekstində Azərbaycanın xarici siyasətinin yeni prioritetləri haqqında danışarkən qeyd etdi ki, bizim xarici siyasətimizin əsas istiqaməti Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsinə yönəlmişdir. Dövlət başçısı onu da dedi ki, TDT bizım ailəmizidr. Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, dövlət başçısının bu fikirləri həm də hazırki yeni beynəlxalq münasibətlər sistemində ötən əsrin sonlarından formalaşan iyirmi birinci əsrin milli və dini identiklik əsri olması paradiqması ilə üst-üstə düşür: “Bu, həmçinin son 20 ildə dünya siyasətində bəzi qlobal mərkəzlərin müəyyənləşdirdiyi dünya siyasətinin çağırışları ilə üst-üstə düşür. Ona görə də əgər yeni dünyada siyasi trendlər bundan ibarətdirsə, Azərbaycan və türk dünyasının gələcəyi də yalnız və yalnız milli, dini identikliyə söykənən birlik olmalıdır”.

H.Babaoğlu açıqlamasında diqqəti başqa bir vacib məqama da yönəldib: “Azərbaycan Prezidenti eyni zamanda qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının dünyanın ən nüfuzlu təşkilatlardan biri olması üçün əlimizdən gələni etməliyik. Bu, bir çağırış olmaqla yanaşı özündə həm də çox mühüm hərbi, siyasi, iqtisadi, mədəni və etnosiyasi məzmunu əks etdirir. Bu nədən ibarətdir? İllər öncə böyük dövlət xadimi Heydər Əliyev “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” ideoloji tezisini irəli sürdü və nəticə etıbarilə 2021-ci ildə bu tezis Şuşa Bəyannaməsi ilə vücud buldu. Yəni, hərbi, hüquqi, siyasi münasibətlərdə yeni bir nümunə yaratdı. “Bir millət, iki dövlət” ideoloji tezisini real dövlətlərarası münasibətlərdə hərbi, siyasi, iqtisadi, mədəni birliyə çevirdi. Azərbaycan Prezidentinin səsləndirdiyi “Bizim ailəmiz türk dünyasıdır” fikri önümüzdəki perspektivdə bir millət yeddi dövlət münasibətlərinin eynən Şuşa Bəyannaməsi nümunəsində ittifaqını yaradacaqdır. Yəni artıq Türkiyə-Azərbaycan münasibətləri nədirsə, TDT-yə üzv olan ölkələrin birinin digərinə münasibəti məhz bu şəkildə olacaq. Bu da yenilməz bir iqtisadi, mədəni, hərbi və siyasi gücdür. Ona görə də bu, həm də türk dünyasının gələcəyinə işıq tutan bir fikir kimi yadda qalmalıdır”.

Mission News Theme by Compete Themes.