Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova: “Peyvənd qızılcaya qarşı güclü immunitet yaradır və yoluxma riskini aradan qaldırır”
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova kəskin respirator virus infeksiyaları (KRVİ), əlamətləri, müalicəsi və profilaktikası və s. haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “pediatr öncə bu infeksiyanın kəskin yoluxucu virus xəstəlikləri özündə birləşdirdiyini bildirib: “Bu xəstəliklər zamanı əsasən yuxarı tənəffüs yollarının selikli qişası zədələnir. Kəskin respirator virus infeksiyalarının törədiciləri çox saylı viruslardır (qrip, paraqrip, adenovirus, respirator sinsitial, rinovirus, reovirus və s). KRVİ öz-özlüyündə o qədər də təhlükəli deyil. Təhlükəli sayılan onun ağırlaşmasıdır. Ağrlaşmalara bronxit, sətəlcəm, otit, angina aiddir. Kəskin respirator virus infeksiyaları əsasən hava-damcı yolu ilə yayılır. Lakin oyuncaqlar, əmzik, qulluq əşyaları vasitəsi ilə də yayıla bilər. Onu da qeyd etmək lazımdır ki, bu viruslar xarici mühitdə çox davamsızdır. Onlar otaq temperaturunda və günəş şüalarının təsirindən bir neçə saata məhv olurlar. Bu xəstəlik əsasən tənəffüs yollarına təsir edir”. N.Cəfərova vurğulayıb ki, bu infeksiyanın əlamətləri hərarətin yüksəlməsi ilə başlayır. O, uşaqda halsızlıq, əzələ və oynaq ağrıları, yuxu pozğunluğu, kataral əlamətlər, boğaz ağrısı, burun tutqunluğu və ya burun axmasının da əlamətlər sırasında olduğunu deyib. Həmçinin pediatr KRVİ-nin çox hallarda öskürək və zökəmlə müşayiət edildiyini də qeyd edib”.
Sözügedən xəstəliyin müalicəsi və profilaktikası haqqında danışan N.Cəfərova bu xəstəliyə yoluxan uşağın ictimai yerlərdə olmasının tövsiyyə edilməyini vurğulayıb: “Xəstələrlə təmas mümkün qədər məhdudlaşdırılmalıdır. Bol maye verilməli, qaldığı otağın havası tez-tez dəyişdirilməlidir. KRVİ-dən qorunmağın güclü üsullarından biri də əllərinizin düzgün yumasıdır. Uşağa tərkibində vitamin və minerallarla zəngin olan qidalar verilməlidir. Valideynlərin nəzərinə çatdırmaq istərdik ki, virus xəstəlikləri zamanı övladlarını vaxtında pediatrın müayinəsinə aparsınlar ki, xəstəlik fəsadlaşmasın. Çünki profilaktika uşaqların sağlam gələcəyi üçün çox önəmlidir”.
O qeyd edib ki, adətən KRVİ başladığı gündən etibarən 7-10 gündən sonra keçib gedir.
N.Cəfərova sonda qızılca xəstəliyi haqqında da danışıb. Qeyd edib ki, uşaq qızılcadan sağalana qədər həkim nəzarətində olmalıdır. Ağırlaşmalar baş verərsə, uşağı mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır. Pediatr bütün hallarda həkimə müraciət etməyin ağırlaşmaların vaxtında müəyyənləşməsi üçün vacib olduğunu deyib.