Vüqar İskəndərov: Azərbaycan qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanıb
BAYRAQDAR MEDİA – “Münxen Təhlükəsizlik Konfransı dünya liderlərinin, aparıcı beynəlxalq təşkilatların, nüfuzlu tədqiqat, elm mərkəzlərinin rəhbərlərinin, tanınmış ekspertlərin toplaşdığı ən mühüm platformalatdan biridir. Azərbaycan müntəzəm şəkildə bu platformaya Prezident İlham Əliyevin şəxsində dəvət alır. Dövlət başçısı müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə öz dəyərli fikirlərini bölüşür”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, bu dəfə də Konfrans çərçivəsində əsas diqqət mərkəzində Azərbaycan və şəxsən Prezident İlham Əliyev oldu: “Müxtəlif ölkələrin dövlət və hökumət başçıları, ayrı-ayrı nüfuzu beynəlxalq qurumların rəhbərləri Prezident İlham Əliyevlə görüş üçün təşəbbüs göstərdilər. Bu da səbəbsiz deyil. Əvvəla, Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara söykənən xarici siyasəti sayəsində ölkəmiz daim beynəlxalq müstəvidə öz sözünü deyir. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Orta Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələrə malikdir. Azərbaycan məhz uğurlu xarici siyasət nəticəsində bu bölgəlırin bir çox ölkələri ilə yaxın tərəfdaşlıq əlaqələri qurub və səmərəli qarşılıqlı əməkdaşlığın inkişafına nail olub. Buna görə də Azərbaycan qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanıb”.
Deputat bildirib ki, illər uzunu Azərbaycanın bu potensialını ortaya qoymasına Ermənistan-Azərbaycan münaqişəsi mane olurdu: “Artıq dünya ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək üçün Ermənistan və Qarabağ problemi yoxdur. Azərbaycan sülhsevər ölkədir, qonşu ölkələrlə, digər regionlarla sülh gündəliyini təşviq edir. Azərbaycan bundan sonra da öz xarici siyasətini bu prinsiplər və parametrlər əsasında quracaq və inkişaf etdirəcək”.