Son yeniləmə: 19 Fevral 2024 16:31
Dr. Yücel Karauz: Prezident İlham Əliyevin çıxışında Türk Dövlətləri Təşkilatı üçün “ailəmiz” ifadəsini işlətməsi olduqca dəyərli və strateji anlam kəsb edir
BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyev andiçmə mərasimində çox dəyərli və genişməzmunlu çıxış etdi. Həmin çıxışda İlham Əliyev Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün, o cümlədən türk dünyasının gələcəyi üçün vacib olan məqamların üzərində xüsusilə dayandı. Bununla bağlı yeni baxışlar və hədəflər ortaya qoydu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Türk Dövlətləri Təşkilatı (TDT) üçün “ailəmiz” ifadəsini işlətməsi olduqca dəyərli və strateji anlam kəsb edir: “Ailənin türk toplumunda dəyərini nəzərə alsaq, cənab İlham Əliyevin bu fikrinin necə dərin bir məna kəsb etdiyini anlaya bilərik. Digər tərəfdən son vaxtlar Qərbin əksər beynəlxalq qurum və birliklərinin ikiüzlü davranışlarını, məsələlərə ikili standartlardan yanaşmasını, türk və müsəlman aləmindən söz düşərkən atdıqları qəbuledilməz addımları nəzərə alsaq o zaman cənab İlham Əliyevin “Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” sözlərini də mühüm çağırış kimi dəyərləndirə bilərik”.
Türkiyə general, həmçinin “TDT-nin əhatə etdiyi coğrafiyaya nəzər salarkən, cənab İlham Əliyevin bu qurumun “qlobal arenada önəmli aktora və güc mərkəzinə” çevrilməsi ilə bağlı çağırışının yerində və vacib olduğunu söyləyə bilərik. Çünki TDT Ağ Dənizdən Qara Dənizə, Avropanın içindən Anadoluya, Anadoludan Qafqazlara, Qafqazlardan da Orta Asiyaya uzanan, Türküstan deyilən bir coğrafiyanı əhatə edir. Hazırda dünyanın çox böyük risq və təhlükələrlə baş-başa olduğunu nəzərə alsaq o zaman TDT-nin daha çevik addımlar atması vacibdir. Yenə də cənab İlham Əliyevin təbirincə desək, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Deməli, bu coğrafiyanı qorumaq, Qərbin məkrli, qanlı planlarına qurban verməmək üçün birgə addımlar atmalı, daha sıx birləşməliyik. Bunun üçün isə hesab edirəm ki, ilk diqqət edəcəyimiz məqamlardan biri də müdafiə və təhlükəsizlik məsələləri olmalıdır. Zatən İstanbul bəyannaməsi ilə qəbul edilən 125 maddəlik qərarda da bu məsələ xüsusilə önə çəkilib. Xatırladım ki, həmin 125 maddənin 25-30-u məhz təhlükəsizlik və müdafiə məsələlərini əhatə edir” deyib.
Dr.Y.Karauz vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında sözügedən sahələrdə mövcud olan əməkdaşlıq TDT-nin digər ölkələri üçün də nümunə olmalıdır: “Hesab edirəm ki, zaman itirmədən TDT-yə üzv ölkələr arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair həm ikitərəfli, həm də çoxtərəfli müqavilələr imzalanmalı, sonra isə konkret addımlar atılmalıdır. Müştərək birgə təlimlərin keçirilməsi intensivləşdirilməli, bu zaman TDT-nin bütün üzvlərinin bu təlimlərdə iştirakına çalışılmalı, ən əsası isə TDT-nın müdafiə ordusunun yaradılması üzərində işlənilməlidir. Bütün dünya da bilməlidir ki, bu ordu hər hansı ölkəyə hücum etmək üçün deyil, TDT coğrafiyasını xarici təhlükələrdən qorumaq üçün yaradılır”.