BAYRAQDAR MEDİA – 9-18 fevral tarixlərində Rumıniyada məktəblilərin onlayn formatda VIII “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “13 ölkədən 135 şagirdin iştirak etdiyi olimpiadada uğurla çıxış edən Azərbaycan məktəbliləri – Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər. Məktəblilər sözügedən yarışda ilk dəfədir ki, qızıl medal qazanır. Qeyd edək ki, bu günədək Azərbaycan məktəbliləri həmin müsabiqədən 3 gümüş və 3 bürünc medal qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Təhsil İnstitutu və “Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir”.
Sözügedən müddətdə Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 59 medal əldə ediblər.