Son yeniləmə: 19 Fevral 2024 20:20
BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında yer alan nəşrlərdən biri də mərhum şair, dramaturq, tədqiqatçı-alim Teyyub Qurbanın “Yüz tələbə – yüz tale” kitabıdır.
Kitab Azərbaycan Parlamentinin yaranmasının 100 illiyinə həsr edilib.
Nəşrdə Azərbaycan Cümhuriyyəti tərəfindən xaricə təhsil almağa göndərilmiş yüz tələbənin taleyindən söhbət açılır.
Kitabın girişində qeyd edilir: “Teyyub müəllim həmin tələbələrin izinə düşüb, qohum-əqrəbaları ilə görüşüb, onların ağrılı-acılı ömür yolundan böyük vətəndaşlıq hissi ilə, yana-yana söhbət açıb, tarixi faktlarla, arxiv materiallarına söykənən dəyərli bir əsər yazıb. Ancaq çox təəssüflər ki, qəfil gələn əcəl bu kitabı görməyə ona imkan vermədi. Torpağı behişt, yeni cənnət olsun”.
Nəşrin redaktoru Qərənfil Dünyaminqızı isə kitabda yazır: “Əsərdə Azərbaycanın bir neçə bölgəsindən olan Cümhuriyyət tələbələri ilə yanaşı, İrəvan şəhərindən olan altı Cümhuriyyət tələbəsinin taleyindən də bəhs edilir. Bu bölümdə görkəmli diplomat, istedadlı publisist Əlimərdan bav Topçubaşovun oğlu Rəşid bəy Topçubaşov haqqında da məlumat verilib. Paris Universitetində hüquq təhsilinə sahib olan və cəmi 25 il yaşayan Rəşidin nakam taleyi məni çox məyus etdi. Tədqiqatçı-alim əsərində ilk olaraq, Avropaya ali təhsil almağa göndərilən gənclərin taleyinə hökumətin və ziyalıların münasibətini bildirir. O, əsərdə həmçinin Azərbaycan parlamentinin qərarı ilə yaradılan dövlət komissiyasının fəaliyyətindən, ümumilikdə hökumətin təhsil islahatlarından, dövrün ziyalılarının bu məsələdə dövlətə yardımçı olmalarından faktlar əsasında geniş şəkildə söhbət açır, bu mövzuya mətbuatın, xüsusən də “Azərbaycan” qəzetinin münasibətini bildirir. Əsərdə T.Qurban Cümhuriyyət tələbələrinin siyahısinı da verib. Bu siyahıda onların adı, soyadı və hansı ölkəyə təhsil almağa getdikləri bildirilir”.
Qeyd edək ki, əsərin redaktoru Q.Dünyaminqızı, nəşriyyat redaktoru Musa Ələkbərli, üz qabığının dizayneri Nurlan Rasimoğlu, korrektoru isə Gültac Ələkbərlidir.