BAYRAQDAR MEDİA – Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də əməkdaşlıq genişlənməkdədir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “sözügedən Mərkəzin dəstəyi ilə Azərbaycanın nüfuzlu ADA Universiteti 19-24 fevral tarixlərində Özbəkistanın ali və orta məktəblərində təhsil proqramlarını təqdim edəcək. Hazırda ADA Universitetində İctimai və Beynəlxalq münasibətlər, Hüquqşünaslıq, Biznes, Təhsil, Dizayn və Memarlıq, Kənd təsərrüfatı və Qida elmləri fakültələrində bakalavriat və magistratura səviyyələri üzrə mütəxəssislər üzrə ixtisaslar təklif olunur. Bununla əlaqədar ADA Universitetinin mütəxəssislərindən ibarət nümayəndələrin Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində yerləşən ali və orta təhsil müəssisələrində görüşü və sərgidə iştirakı nəzərdə tutulur”.
Sonra xəbərdə, “Özbəkistanın tədrisi ingilis və rus dillərində olan orta məktəblərin sonuncu sinif şagirdləri üçün ADA Universitetinin bakalavr proqramlarının, ali təhsil müəssisələrinin isə sonuncu kurs tələbələri üçün magistratura proqramlarının təqdimatı keçiriləcək. Təqdimatlar paytaxt Daşkənd şəhəri ilə yanaşı, Səmərqənd şəhərindəki Universitetlər və orta məktəblərdə olacaq” deyə bildirilir.
Qeyd edək ki, bu il fevralın 22-də Daşkənd şəhərində “International Hotel Tashkent”də baş tutacaq “Begin Edu Fairs” Beynəlxalq Təhsil sərgisində ADA Universiteti də iştirak edərək öz təhsil proqramlarını təqdim edəcək.