Son yeniləmə: 16 Fevral 2024 14:55
BAYRAQDAR MEDİA – 2023-cü il və 2024-cü ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 4 367 şəxsin pensiyalarını yenidən hesablayaraq artırıb.
Bu barədə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur: “Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına xidmət edir. Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır”.