BAYRAQDAR MEDİA – Ötən ilin aprelindən başlayaraq digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərin olduğunu göstərir. Bununla əlaqədar Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Ölkə ərazisində SN tərəfindən təsdiq olunmuş Profilaktik peyvəndlər təqviminə əsasən 10 yaşa qədər uşaqların vaksinasiyası davamlı olaraq həyata keçirilir”.
Sonra xəbərdə, “qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq SN əhaliyə bir daha müraciət edərək, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırır. Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər” deyə qeyd olunur.