Press "Enter" to skip to content

Kitab tanıtma: “Ziyayi Qafqaziyyə (1880-1884)”

Ziyayi Qafqaziyyə (1880-1884)

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında “Ziyayi Qafqaziyyə (1880-1884)” nəşri də mövcuddur.

Nəşr AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 8 fevral 2023-cü il tarixli 1 saylı iclasının qərarı ilə nəşr edilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Qəzetin çağdaş əlifbamıza transfoneliterasiya olunmuş komplektindən mətbuat tarixi araşdırmaçıları, doktorant, dissertant, magistr və bakalavr təhsili alan filoloqlar faydalana bilər.

Nəşrin ön sözündə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazır: “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Ziyayi Qafqaziyyə” qəzetinin latın qrafikasına transliterasiya edilmiş toplusunu kitab halında nəşr etməklə ilk növbədə Müştəba Əliyevin zəhmətlərinə və xatirəsinə yüksək ehtiramını ifadə edir. Eyni zamanda, “Ziyayi Qafqaziyyə” qəzetinin ilk dəfə latın qrafikası ilə nəşr edilərək oxuculara və tədqiqatçılara çatıdırılması milli mətbuat tariximizin keçdiyi çətin və şərəfli yolun dərslərini, bu qəzetin günümüz üçün də əhəmiyyətli olan maarifçi ideyalarını yeni nəsillərə təşviq etmək baxımından da faydalıdır. Heç şübhəsiz, “Ziyayi Qafqaziyyə” qəzetinin Ədəbiyyat İnstitutu nəşri milli mətbuatşünaslıq və mətbuat tarixi elmi istiqamətlərinin daha da inkişaf etdirilməsinə xidmət edə bilən zəngin və qiymətli bir məktəbin meydana qoyulması baxımından da əhəmiyyətlidir. İnanıram ki, elmi-ədəbi ictimaiyyətimiz bu nadir nəşri maraqla qarşılayacaq, həmin zəmində yeni araşdırmalar meydana çıxacaqdır”.

Bildirək ki, “Ziyayi Qafqaziyyə” qəzeti (1879-1884) XIX əsrin sonlarında Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyəti öz səhifələrində işıqlandırıb. “Əkinçi”nin bağlanmasından sonra milli mətbuatdakı boşluğu dolduran qəzetdə dövrünün ən aktual məsələ və problemlərinə toxunulub, dərc olunan materiallar zənginliyi ilə seçilib.

Qeyd edək ki, nəşrin baş redaktoru və ön sözün müəllifi İ.Həbibbəyli, transfoneliterasiya edən, lüğət, izah və şərhlərin müəllifi Müştəba Əliyev, çapa hazırlayanı və redaktoru filologiya elmləri doktoru, Prof. Vüqar Əhməd, rəyçiləri isə akademik Teymur Kərimli, filologiya elmləri doktoru, Prof. Cahangir Məmmədli və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

Mission News Theme by Compete Themes.