BAYRAQDAR MEDİA – Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək. Bu sözlər Müdafiə Nazirliyi ilə TƏBİB-in birgə açıqlamasındandır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə deyilir ki, “məlum olduğu kimi, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır. Hazırda ölkəmizin səhiyyə qurumları tərəfindən əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması üçün peyvəndlənmə ilə yanaşı yoluxma hallarını nəzərə alaraq qapalı məkanlarda sıx toplaşma tövsiyə olunmur”.
Daha sonra bildirilir ki, “Azərbaycan Ordusunda hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilir, şəxsi heyətin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısını almaq məqsədilə hərbi hissələrdə mütəmadi olaraq zəruri profilaktik tədbirlər görülür”.
O da qeyd edilir ki, “görülən tədbirlər çərçivəsində valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin hərbi hissələrə girişi, o cümlədən andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq. Vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik”.