Press "Enter" to skip to content

Azərbaycanda vətəndaş cəmiyyəti hər zaman ön sıradadır

Elman Cəfərli

Son yeniləmə: 15 Fevral 2024 10:48

Elman Cəfərli: Bütün bu proseslər göstərdi ki, vətəndaş cəmiyyəti üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışır

BAYRAQDAR MEDİA – “7 fevral 2004-cü ildə keçirilən və cənab İlham Əliyevin qələbəsi ilə bitən prezident seçkisi çağdaş Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Əslində, bu, 2020-ci ilin 14 iyulundan başlanmış böyük proseslərin yekunudur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O, qeyd edib ki, həmin vaxt Azərbaycan torpaqları hələ düşmən tapdağı altında idi: “İşğalçı Ermənistan ilhaq etdiyi Qarabağın dağlıq hissəsi və 7 rayonu unutdurmaq və Azərbaycanı tamamən diz çökdürmək üçün Tovuz rayonu ilə sərhəddə hərbi təxribat törətdi. Nəticədə 1 generalımız olmaqla yüksək rütbəli hərbçilərimiz və əsgərlərimiz şəhid edildi. Bu olay dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqını sanki ayağa qaldırdı. Adi fermerdən tutmuş dünyanın müxtəlif ölkələrində yaşayan diaspor fəallarına qədər hər kəs ayağa qalxdı, tək yumruğa çevrildi”.

QHT sədrinin sözlərinə görə, milli birlik 44 günlük müharibədə özünü daha qabarıq göstərdi: “Cənab Preizdentin fevralın 14-də keçirilən andiçmə məraismində bəyan etdiyi kimi Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biri oldu. Azərbaycan cəmiyyətinin hər bir fərdi çalışdığı sahədə haqq savaşımızın əsgərinə çevrildi. 10 noyabr üçtərəfli sazişindən sonrakı mərhələdə vərəndaş aktivliyi yenə ümumi işimizə töhfəsini verdi. 2022-ci ilin 12 dekabrında Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti fəallarının aksiyası başladı. Əsas tələb Qarabağın Azərbaycanın nəzarətində olmayan bölgələrində yeraltı filiz yataqlarının qanunsuz istismarına və bölgəyə Laçın dəhlizi vasitəsilə silah-sursatın daşınmasına son qoyulması idi. 138 günlük aksiya istəyinə çatdı. Laçın yolunda nəzarət buraxılış məntəqəsi qoyuldu. Bütün bu proseslər göstərdi ki, vətəndaş cəmiyyəti dövlət, xalq üçün vacib məqamlarda hər zaman ön sıradadır və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışır. Təbii ki, vətəndaş cəmiyyəti bu gücü dövlət, şəxsən Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan alır. Bu diqqət və qayğı isə bundan sonra da davam edəcək. Cənab Prezident fevralın 14-də bu məqama toxunaraq bəyan edib ki, biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”.

Müsahibimiz onu da əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi son 20 ildə Azərbaycan çoxsaylı uğurlara nail olub: “Zərgər dəqiqliyi ilə aparılan siyasət Azərbaycanı güclü dövlətə çevirib. Qarşıda yeni mərhələ var. Bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Noyabr ayında Bakıda mühüm beynəlxalq tədbir-COP-29 konfransı keçiriləcək. Təbii ki, bütün bu proseslərdə qeyri-hökumət təşkilatlarının da üzərinə böyük vəzifələr düşür. Ümdi edirəm ki, biz vətəndaş cəmiyyəti olaraq bu il də qarşıya qoyulan məqsədlərə nail olacağıq”.

Mission News Theme by Compete Themes.