BAYRAQDAR MEDİA – 11-ci Dünya Hökumət Sammiti davam edir. Həmin Samimitdəki iştirakı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müxtəlif ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidəmt”dən məlumat verilib.
Bildirilib ki, “Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi ilə görüş zamanı 28 noyabr 2022-ci il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə BƏƏ Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülən işlər müzakirə edilib. Tərəflər arasında 2024-cü ildə ölkəmizdə Azərbaycan-BƏƏ Birgə Akselerasiya Mərkəzinin yaradılması barədə razılıq əldə olunub. Eyni zamanda 2-ci Azərbaycan-BƏƏ Hökumət İnnovasiyası və Rəqabətlilik Forumunun keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib”.
Məlumata əsasən, daha bir görüş Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudean ilə olub: “Görüş zamanı “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqi istiqamətində Anlaşma Memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib və bu barədə tərəflər arasında ilkin razılığa gəlinib. Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva ilə keçirilən görüş zamanı “ASAN xidmət” konseptinin rəqəmsallaşma, şəffaflıq və dövlət xidmətlərinin inkişafı yolunda önəmindən danışılıb. Azərbaycan modelinin müvafiq sahədə şəffaflığın artırılması və müasir texnologiyaların tətbiqi baxımından önəmi diqqətə çatdırılıb. Görüş zamanı “ASAN xidmət” təcrübəsi ilə tanışlıq və dövlət xidmətlərinin göstərilməsi üzrə Azərbaycan modelinin Qırğız Respublikasına ixracı istiqamətində imzalanması planlaşdırılan Anlaşma Memorandumu ilə əlaqədar xanım nazir ölkəmizə səfərə dəvət edilib. Qırğız tərəfi Dövlət Agentliyinin sədrinə dəvətə görə təşəkkürünü bildirib və bu çərçivədə ölkəmizə səfərindən məmnunluğunu qeyd edib”.