Press "Enter" to skip to content

Məktəb direktoru həyəcan təbili çalır

Almaz Həsrət

BAYRAQDAR MEDİA – Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Almaz Həsrət təhsil qurumları və yeniyetmələrlə bağlı xəbərlərin uyğunsuz təqdimatına qarşı həyəcan təbili sayıla biləcək münasibət açıqlayıb.

Özünün sosial media hesabında paylaşım edən direktor, hüquq mühafizə orqanları və jurnalistlərə üz tutaraq bu məsələdə həssas olmağa çağırış edib.

Sözügedən paylaşımın önəmini nəzərə alaraq tam şəkildə dəyərli oxucularımıza təqdim edirik:

Belə olmamalıdır! Məktəbin adı, təhsil sistemi gərəksiz yerə hallandırılmamalıdır!

İki gün öncə bir yeniyetmə qız axşama doğru evdə anasıyla sözləşib, qapını örtüb, çıxıb gedib. Yəni hadisə ailə-məişət zəminində, evdə baş verib. Ana da narahat olub, polisə şikayət edib. Düz də edib. Polis araşdırıb, bəlli olub ki, qız gecəni öz rəfiqəsinin evində qalıb. Dəhşətli, qorxunc nəsə baş verməyib. Adi bir ailə-məişət məsələsidir.

Amma…

Amma iş ondadır ki, polis bununla bağlı məlumatı ictimailəşdirəndə uşağın adını tam açıqlamaq, eyni zamanda oxuduğu məktəbi dəxli olmadan ayrıca vurğulamaq zərurəti duyub. Gözünə döndüyümüz “peşəkar” jurnalistlər də eləməyib tənbəllik, həddi-buluğa çatmamış qızın ad, soyadını, məktəbini açıq şəkildə yazıblar…

Nəticədə direktoru olduğum 3 nömrəli tam orta məktəbin adı heç dəxli olmadan hallanmağa başlayıb. Ümumiyyətlə isə təhsilə, məktəbə dəxli olmayan bir hadisəyə görə yenə də təhsil sistemi, məktəb müzakirə və neqativ hücum obyektinə çevrilib.

İndi çox hörmətli polislərimizdən soruşuram: dəxli olmayan bir hadisəyə görə məktəbin adını da deməyiniz hansı səbəbdən qaynaqlanır? Ümumiyyətlə nədir sizin marağınız ki, məktəbə dəxli olmayan bir hadisəyə görə gərəksiz və sizdən istənilməyən məlumatı yayırsınız?

Digər sualımız: doğrudanmı siz, hüquq mühafizəçiləri bilmirsiniz ki, həddi-buluğa çatmamış şəxslərin adları tam açıqlana bilməz? Niyə o qızcığazın adını tam olaraq mətbuata ötürmüsünüz?

Daha bir sualım da mediayadır: yəni bu qədər duyğusuzsunuz ki, ailəsində hansısa anlaşılmazlıq yaşayan bir qız uşağının adını olduğu kimi yayırsınız?

Daxili İşlər Nazirliyi Yanında İctimai Şuradan və Mətbuat Şurasından da bu məsələyə münasibət, diqqət gözləyirik.

İndi hansısa uşaq haradasa bir əməl törətsə, ailəsində problem yaşasa mütləq gərək təhsil sisteminin adını hallandırmalısınız?

Yeri gəlmişkən, o adını faş etdiyiniz uşağın yerində bir gün sizin uşağınızın olmayacağına da heç kim təminat verə bilməz. Uşağınızla bağlı belə xəbərlər bu qədər çılpaqlıqla yayımlansa xoşunuza gələcəkmi?..

Mission News Theme by Compete Themes.