Press "Enter" to skip to content

Sadır Caparov ABŞ-ni Qırğızıstanın daxili işlərinə qarışmamağa çağırdı

Sadır Caparov

BAYRAQDAR MEDİA – Cari ilin yanvar ayında ABŞ Dövlət katibi Entoni Blinken qardaş Qırğızıstanın Prezidenti Sadır Caparova məktub yazaraq ölkədə QHT qanunu ilə bağlı dəyişikliklər təşəbbüsündən narahatlıq ifadə etmişdi. Bu isə birmənalı qarşılanmamış, bəzi təhlilçilər tərəfindən ABŞ-nin Qırğızıstanın daxili işlərinə qarışması kimi dəyərləndirilmişdi.

Bugünlərdə bəlli olub ki, Qırğızıstan Prezidenti Sadır Caparov E.Blinkenin məktubuna yetərincə əsaslandırılmış geniş məktubla cavab verib. Cavab məktubunu Qırğızıstan xarici işlər naziri Ceyenbek Kulibayev fevralın 9-da ABŞ-nin Bişkekdəki səfirinə təqdim edib.

Prezident məktubunda qeyd edir ki, “sizin məktubunuzun məzmunu bizim dövlətimizin daxili işlərinə müdaxilə əlamətlərinə malikdir”.

Daha sonra bildirilir ki, bir sıra qanunlara QHT sektoru ilə bağlı dəyişikliklərin edilməsi üçün təşəbbüsün məqsədi Qırğızıstanda fəaliyyət göstərən ictimai birliklərin fəaliyyətini nizama salmaq məqsədi güdür.

O da bildirilir ki, hazırda Qırğızıstanda 10 minlərlə QHT var ki, onlar yalnız ABŞ-dən deyil, başqa ölkələrdən də maliyyə dəstəyi alır.

Prezident qeyd edir ki, bir sıra media və QHT qurumlarının xaricdən maliyyə alması baxımından Qırğızıstan dövlətinin maraqlarının müdafiə edilməsi zərurəti var. Yəni Qırğızıstan dövləti bu pulların haradan gəlməsini və hansı məqsədlərə sərf edilməsini nəzarətdə saxlamaq niyyətindədir.

Sadır Caparov qeyd edir ki, qanunlara ediləcək dəyişikliklər ABŞ-də hələ 1938-ci ildə qəbul edilmiş “Xarici agentlərin qeydiyyatı qanunu” ilə yaxınlıq təşkil edir. O qanuna görə, xaricdən maliyyə alan qurumların qanun pozuntularına yol verməsi cəzaya səbəb ola bilər.

Prezident Sadır Caparov bu misalın ardınca belə bir sual ünvanlayır: niyə sizə olar, bizə olmaz?

Ayrıntılı məktubun sonunda qardaş ölkə Prezidenti ABŞ Dövlət katibinin nəzərinə çatdırır ki, ölkəsi bütün ölkələr və beynəlxalq qurumlar, o cümlədən ABŞ ilə bərabərhüquqlu tərəfdaş münasibətlərdən yanadır.

“Mənim tək bir xahişim vardır: ölkəmizin daxili işlərinə qarışmayın”, – deyə Sadır Caparov məktubunu tamamlayır.

Mission News Theme by Compete Themes.