Vüqar İskəndərov: Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti hələ də ağıllanmayıb
BAYRAQDAR MEDİA – “Təəssüflər olsun ki, Ermənistan hakimiyyət hələ də ağıllanmayıb. Baş verən son hadisələr, fevralın 12-də Ermənistan tərəfindən törədilən təxribat bu işğalçı ölkənin daha bir sarsıdıcı zərbəyə məruz qalmasını qaçılmaz edib. Ancaq bu dəfə onlar ölümcül zərbə alacaqlar”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Qeyd olunub ki, baş verənlərdə, əslində Ermənistanla yanaşı, Batının da xüsusi payı var. Belə ki, Batı ölkələri Orta Doğuda vəziyyəti gərginləşdirdiyi kimi, Güney Qafqazda da münaqişə ocağı yaratmağa çalışır: “Burada da oxşar qanlı proseslərin cərəyan etməsinə zəmin hazırlayırlar. Bu münaqişə ocağının Rusiya və İran sərhədlərində alovlanması gərginlik arealının miqyasının daha da genişlənməsinə gətirib çıxara bilər”.
Deputat xatırladıb ki, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan mediasına müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi: “Lakin təəssüf ki, düşmən ölkə öz xislətindən əl çəkə bilmədi və bu sabitliyi növbəti dəfə pozdu. Əslində, son təxribat bəlli bir fəaliyyətin nəticəsində ortaya çıxdı. Çünki Vətən müharibəsindən sonrakı dövrdə Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir, bu reallıq çoxsaylı ekspertlər tərəfindən qeyd olunurdu. Məhz bütün bunlar, o cümlədən təxribatın əks olunduğu videogörüntü ortaya bir reallıq qoyur. Yəni, hadisənin Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən və məqsədyönlü şəkildə törədildiyi və vəziyyətin gərginləşməsinə çalışıldığı aydın görünür”.
Deputatın sözlərinə görə, snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsi planlaşdırılmış haldır və bugünkü hadisə də bu planın tərkib hissəsidir: “Elə Ermənistan baş naziri Nikol Paşinyanın zərurət olmadan The Telegtaph nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur. Digər tərəfdən, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryanın Ermənistanın Fransa, Hindisdan və hansısa fövqəlgüc ölkədən silah alması, silahlanma sahəsində böyük həcmdə iş aparılması, bunun nəticələrinin yaxın zamanlarda özünü göstərəcəyini deməsi də Ermənistanın yeni hərbi əməliyyatlara hazırlaşdığına dəlalət edən faktordur. Ancaq bundan uduzan yenə də Ermənistan olacaq”.