BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri İlqar Mustafayev bronxoektatik xəstəlik haqda məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “İ.Mustafayav bildirib ki, bronxoektatik xəstəlik – patoloji genişlənmiş və deformasiyaya uğramış bronxların xroniki geridönməz irinli ilthabi xəstəliyidir. O, bu xəstəliyin anadangəlmə və qazanılmış olaraq iki qrupa ayrıldığını deyib: “Anadangəlmə faktorlara genetik meyillilik (кistik fibroz – mukovissidoz), alfa1-antitripsin çatışmazlığı (hərəkətsiz kirpiciklər sindromu), bronxial ağacın qüsurları (Uilyam-Kembel sindromu), ağciyərlərin kistoz hipoplaziyası (polikistoz), birincili immun çatışmazlığı aiddir. Qazanılma faktorlara isə respirator traktın xroniki infeksion xəstəlikləri, respirator traktın infeksion zədələnmələrinin qeyri-adekvat və ya natamam müalicəsi və yad cisim daxildir””.
Həkim bu xəstəlik zamanı xəstənin əsas şikayətlərinin əksər hallarda produktiv öskürək olduğunu vurğulayıb: “Remissiya dövründə bəlğəm selikli, selikli-irinli, kəskinləşmələrdə isə irinli ifrazatla müşayət edilir. Quru bronxoektazlar deyilən formalarda öskürək quru, az bəlğəmli olur. Səhər daha çox miqdarda bəlğəmin olması və kəskinləşmə zamanı onun miqdarının artması diaqnostik meyardır. Bəzi hallarda qanhayxırma, təngnəfəslik, ümumi intoksikasiya simtomları qeyd olunur”.
İ.Mustafayav sonda sözügedən xəstəliyin müalicəsi haqda da danışıb: “Bu xəstəliyin müalicə prinsipi konservativ və cərrahi olaraq qeyd etməliyik. Konservativ müalicədə kəskinləşmələrdə virus əleyhinə preparatlar, antibiotiklər, mukolitiklər, bronxolitiklər, dezintoksikasion tədbirlər, oksigen, müalicəvi bronxoskopiya, remissiya dövründə isə postural drenaj, vibrasion massaj, mukolitiklər, immunomodulyatorlardan istifadə olunur. Cərrahi müalicə patoloji proses birtərəfli olsa (1 və ya bir neçə seqment, hissə) rezeksiyasından (çıxarılmasından) ibarətdir”.