BAYRAQDAR MEDİA – Fevralın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Nikolay Qoqolun “Dəlinin gündəliyi” əsəri əsasında hazırlanan “Bir dəlinin qeydləri” monotamaşasının 30 illiyi qeyd olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “ilk dəfə 1994-cü ilin ilin oktyabr ayında Xalq artisti Cənnət Səlimovanın quruluşunda teatrsevərlərə təqdim olunan tamaşada Poprişşin obrazını Əməkdar artist Şövqü Hüseynov canlandırıb. Tamaşanın nümayişindən əvvəl teatrın truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək tamaşanın yaranma tarixindən, qazandığı uğurlardan söz açıb. O, yaradıcı heyəti təbrik edərək Ş.Hüseynova teatr rəhbərliyi adından gül dəstəsi təqdim edib. Daha sonra tamaşa nümayiş olunub”.
Sonra xəbərdə deyilir ki, “tamaşada xırda dəftərxana məmuru Poprişşin öz müdirinin qızına vurulur. Lakin o, getdikcə ağlını itirməyə başlayır. O, gah itlə danışır, gah özünü İspaniyanın kralı zənn edir, gah da gündəliyə “43 aprel 2000-ci il” kimi absurd tarix qoyur. Qeydlərin sonunda o, dəli olur. Tamaşaçı xırda bir məmurun dəli olma prosesinin canlı şahidinə çevrilir”.
Qeyd edək ki, səhnə əsəri dünyanın bir çox ölkələrində nüfuzlu festivallarda iştirak edib. Ş.Hüseynov dəfələrlə “ən yaxşı kişi rolu”na görə mükafatlara layiq görülüb.