Son yeniləmə: 9 Fevral 2024 09:34
BAYRAQDAR MEDİA – Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq aləmin diqqət mərkəzindədir. Peru Jurnalistlər Federasiyasının internet səhifəsində, həmçinin Perunun nüfuzlu mətbu orqanlarından olan “La Razon” xəbər portalı da bu tarixi siyasi prosesdən bəhs edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 9-da Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, xəbər portalında bu günlərdə Azərbaycanda səfərdə olan məşhur perulu jurnalist Rikardo Sançesin müəllifliyi ilə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri barədə geniş məqalələr dərc olunub: “Məqalələrdə seçkilərin Qarabağ regionu daxil olmaqla bütün ölkə ərazisində keçirilməsi ilə əlamətdar olduğu, 5 milyona yaxın insanın 6537 seçki məntəqəsində səs verdiyi, eləcə də bu məqsədlə Azərbaycanın xaricdəki 37 diplomatik nümayəndəliyində seçki məntəqələrinin yaradıldığı qeyd olunur. Müharibədən sonra Qarabağa qayıdanminlərlə məcburi köçkünün ilk dəfə səsvermədə iştirak etdiyini vurğulayan müəllif, seçkilərin 300-ə yaxın xarici KİV nümayəndəsi tərəfindən işıqlandırıldığını bildirir”.
Qeyd olunur ki, Qarabağdakı 30 illik erməni işğalına son qoyan şanlı qələbənin memarı olaraq Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin seçicilərin 92%-dən çox səsini toplayaraq növbəti yeddi illik müddətə bu vəzifəyə seçilməsi xalqın rəhbərinə olan etimadından xəbər verir. Müəllif yazır ki, nəticələrin açıqlanması ilə birlikdə Azərbaycan Prezidentinin digər ölkələrin dövlət və hökumət başçılarının təbriklərini qəbul etməyə başladığı, ölkə ərazisində isə bayram əhval-ruhiyyəsinin hökm sürdüyü və prezidentə dəstək yürüşlərinin keçirildiyi bildirilir.
Həmçinin, seçkilərin xalqın sabitliyi, iqtisadi inkişafı, demokratik institutların möhkəmlənməsini qarşısına hədəf qoyan ölkə rəhbərliyinə olan yüksək etimadını təsdiqlədiyi və Azərbaycanın öz tarixində yeni səhifə açaraq firavanlığa doğru daha bir addım atdığı diqqətə çatdırılır.