Press "Enter" to skip to content

“Ələddinin sehrli çırağı” səhnədə “yanır”

Ələddinin sehrli çırağı

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Kukla Teatrının növbəti premyerası qədim Şərq ədəbiyyatı sehrindən təsirlənmə ilə ərsəyə gəlib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “kuklaçılar “Min bir gecə” nağıllar toplusunda hər zaman böyük maraqla oxunan düşündürücü və əyləncəli “Ələddinin sehrli çırağı”na müraciət ediblər. Şərq ədəbiyyatı və mədəniyyətinin ecazkarlığını tərtibatdan musiqiyə bütün çalarları ilə ehtiva edən rəvayət kuklaçıların təsvir dilində özünün orijinal ifadə üslubunu tapıb. Nağıldan irəli gələrək hekayət və qəhrəmanları kukla ilə canlı plan sintezində, özü də çoxkeçidli oyun təqdimatında görmək mümkündür”.

Daha sonra xəbərdə deyilir ki, “nağılda da olduğu kimi, əhvalatın qəhrəmanı Ələddin adlı kasıb oğlandır. Uşaq vaxtı daha tənbəl olan, işi-gücü ən yaxın dostu saydığı meymunu ilə gəzib-dolaşmaq olan Ələddin məşhur kəndirbaz kimi tanınır. Elə bütün məsələ də bundan sonra başlayır. Ələddinin yolu Bağdad şəhərinə düşür, orada onun oyununu izləməyə gələn Şahzadəni görür və onunla dost olmaq qərarına gəlir. O, istəmədən tamahkar Vəzirin də alətinə çevrilir və nəhayət sehrli çırağı tapır və beləcə sonda qalib gəlir. Bu işdə də bütün klassik nağıllara xas sehr gücü öz işini görür və əhvalatı daha da həyəcanlı və zəngin edir. Sehrli çıraqda yaşayan cin Ələddinə onu azad etməsi müqabilində üç arzusunu yerinə yetirəcəyini vəd edir. Bundan sonra Ələddin xəyalını qurduğu sərvətə qovuşur və bütün arzularını həyata keçirir”.

Qeyd edək ki, eyniadlı tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı, Əməkdar artist Vüqar Camalzadədir. Birhissəli uşaq tamaşasında rolları teatrın aparıcı səhnə ustaları – Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Rəhim Rəhimov, Elgün Həmidov, Selcan Müseyibova, Ramiz Qəmbərov, Yasin Abbasov, Vüqar İsmayılov, Elnur Xəlilov ifa edirlər.

Mission News Theme by Compete Themes.