BAYRAQDAR MEDİA – AMEA-nın ilk prezidenti, Əməkdar elm xadimi, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, Prof., Akad. Mirəsədulla Mirqasımovun biblioqrafik göstəricisi işıq üzü görüb. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan göstərici alimin 140 illiyinə həsr olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, ““Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında çıxmış biblioqrafik göstəriciyə dünya şöhrətli alimin həyat və fəaliyyətinin əsas tarixləri, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında oçerk, görkəmli elm xadimlərinin alim haqqında fikirləri, habelə kitabları və elmi məqalələri daxil edilib. Nəşrin elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, redaktorları akademik İradə Hüseynova, Prof. Məmməd Əliyev, ixtisas redaktoru Nərgiz Novruzova, tərtibçilər Aygün Əliyeva, Dos. Tubuxanım Qasımova, Dos. Afiq Məmmədov, biologiya üzrə fəlsəfə doktoru Aytən Ağayeva, Sayat Mustafayevadır”.
Göstərici tibb elmi sahəsində çalışan alim və mütəxəssislər, habelə ali məktəblərin müəllim və tələbələri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.