BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, təşkilatın Prezidenti Aktotı Raimkulova və Fondun qurucu üzv dövlətlərinin diplomatları ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə türk dünyasında inteqrasiya proseslərinin gücləndirilməsi yönündə türk dövlət başçıları tərəfindən mühüm səylərin göstərilməsindən söz açılıb. Sözügedən istiqamət üzrə türk dövlət başçıları tərəfindən təsis olunan türk əməkdaşlıq təşkilatlarının koordinasiyalı fəaliyyətlərinin önəmindən bəhs olunub. Görüşdə Fond ilə Təşkilatın qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub”.
Görüşdə türk dövlətlərinin maddi-mənəvi irsinin təbliği, qorunması və bərpası sahəsində sözügedən Fondun xüsusi rolu vurğulanıb. Fond tərəfindən “Türk dünyasının mədəni irsi haqqında” Konvensiyanın hazırlanması yüksək qiymətləndirilib.
Görüş Fond ilə Təşkilatın birgə əməkdaşlığı çərçivəsində gələcək beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsinə dair müzakirələrlə davam edib.