BAYRAQDAR MEDİA – “Qardaş Azərbaycanı və cənab Prezident İlham Əliyevi seçkidəki növbəti inamlı qələbə münasibəti ilə təbrik edirəm. Çox hörmətli İlham Heydəroğlunun bu növbədənkənar seçkidə qələbə qazanacağı bizdə heç bir şübhə yaratmırdı. Müdrik Azərbaycan xalqı növbəti dəfə düzgün seçim etdi. Bizim bacı və qardaşlarımız qalib Prezident İlham Əliyevin başçılığı altında ölkənin parlaq gələcəyinə, onun çiçəklənməsinə, Respublika daxilindəki geniş miqyaslı quruculuq işlərinə, beynəlxalq arenada böyük irəliləyişlərinə səs verdi. Azərbaycan xalqı öz liderinə sədaqətini təsdiqlədi. Biz başqa nəticə də gözləmirdik.”
Bu sözlər qardaş Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanovun fevralın 7-də keçirilmiş və ilkin nəticələrə görə İlham Əliyevin şübhəsiz qələbəsi ilə başa çatmış prezident seçkisi ilə bağlı fikirlərindəndir. Açıqlama BAYRAQDAR MEDİA-ya sözügedən səfirlikdən daxil olub.
Səfir daha sonra bildirib ki, seçki yaddaqalan olub. Çünki bu dəfəki seçki Azərbaycan Respublikasının bütün ərazisi üzərində suverenliyinin təmin edilməsi şəraitində təşkil edilib.
“Qardaş və bacılarımız, əsasən də Azərbaycanın səsvermədə ilk dəfə iştirak edən gənc vətəndaşlarına görə sevinirik. Çünki onlar öz konstitusion hüquqlarından istifadə etmək üçün doğma torpaqlardakı seçki məntəqələrinə gedə bildilər”, – deyə səfir bildirib.
Səfir həm də qeyd edib ki, seçki onda yaxşı təəssürat yaradıb. Çünki bu seçki qanunlara uyğun təşkil edilməklə bərabər şəffaflıq və demokratiya şəraitində keçirilib. Həm də vətəndaşların ümumi həmrəyliyi, seçkidə iştiraka yüksək marağı səfirin də diqqətini çəkib: “Seçicilərin ailə üzvləri ilə birlikdə səsverməyə bayrama gedərcəsinə getməsini görmək olduqca xoş idi”.