Press "Enter" to skip to content

Mətbuat Şurasından seçki ilə bağlı son açıqlama

Azərbaycan Mətbuat Şurası

BAYRAQDAR MEDİA – Mətbuat Şurası (MŞ) bütün seçki proseslərində olduğu kimi, 7 fevral prezident seçkilərində də medianın fəaliyyətini diqqət mərkəzində saxlayıb. Qurumun bununla bağlı iş prinsipi əsasən üç istiqaməti – seçkiqabağı dövrdə media orqanlarının monitorinqi, “qaynar xətt” rejimi və seçki məntəqələrində müşahidəni əhatə edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “seçkiqabağı dövrdə MŞ-nin monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirib. Monitorinqin nəticələri onu deməyə əsas verib ki, Azərbaycan jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşıb, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin edib. Habelə, mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb. Seçki günü MŞ-də yaradılmış “qaynar xətt” rejimi səsvermə başlayan andan bitənədək jurnalistlərin ixtiyarında olub. Gün ərzində Şuranın bu rejimdə fəaliyyət göstərən şəhər və mobil telefon nömrələrinə cəmi bir müraciət edilib. Həmin müraciət üzrə müəyyənləşdirilib ki, xarici media vasitəsi Azərbaycanda akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırılıb, ona qanunvericiliyin tələbləri izah edilib”.

Daha sonra xəbərdə, “Şuranın İdarə Heyətinin jurnalist və rəsmi şəkildə müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri, eləcə də ayrı-ayrı təmsilçiləri paytaxtdakı və Azərbaycanın müxtəlif bölgələrindəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraitin monitorinqini aparıblar, media təmsilçiləri ilə fərdi təmaslar qurublar. Həm onların müşahidələrindən, həm də “qaynar xətt” rejiminin yaradılmasında məqsəd seçki günü jurnalistlərin fəaliyyəti baxımından baş verə biləcək anlaşılmaz durumların, mümkün maneələrin qarşısını operativ sürətdə almaq olub. Hər iki istiqamət üzrə görülmüş işlərin təhlili göstərib ki, jurnalistlər seçki günü özlərinin peşə vəzifələrini heç bir maneə olmadan, tam sərbəst şəkildə həyata keçiriblər. Əlamətdar məqam ondadır ki, istər Mərkəzi Seçki Komissiyası, istər Medianın İnkişafı Agentliyi, istərsə də ayrı-ayrı dövlət qurumları media fəaliyyətinin müxtəlif təzahür formalarına səlahiyyətlərindən irəli gələn həssas münasibət göstəriblər. Onların operativ yanaşmaları yanlış ictimai rəyin formalaşmasının qarşısının alınması, cəmiyyətin düzgün yönləndirilməsi baxımından əhəmiyyətli olub” deyə bildirilir.

Həmçnin xəbərdə deyilir ki, “MŞ yekunda belə nəticəyə gəlib ki, 7 fevral prezident seçkiləri həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü medianın prosesi işıqlandırması, onun qanunauyğun fəaliyyətinin, bütövlükdə media azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirilib. Ümumən, seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşıb. Ən əsası, Azərbaycan mediası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nümayiş etdirib”.

Onu da qeyd edək ki, MŞ Azərbaycan xalqı və dövləti üçün taleyüklü əhəmiyyət daşıyan bu missiyanın gerçəkləşməsində əməyi keçənlərin hər birinə, jurnalistlərə təşəkkürünü bildirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.