Press "Enter" to skip to content

Azərbaycan xalqı yenə dünyaya nümunə oldu

Cavid Aydın

Cavid Aydın: Eskişehirdəki azərbaycanlılar da seçkidə yüksək fəallıq nümayiş etdirdilər

BAYRAQDAR MEDİA – “Azərbaycan xalqı xöşbəxt xalqdır. Çünki son 200 il ərzində ilk dəfə savaşdan torpaq itirmədən, əksinə torpaqlarını işğaldan azad edərək çıxdı. Bununla da Azərbaycan “Qalib Ölkə”, Azərbaycan xalqı isə “Qalib Xalq” kimi tarixə düşdü. Xalqımız fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisində də bu xöşbəxtlik fonunda iştirak etdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

O, qeyd edib ki, bu seçki müstəqil Azərbaycanda bütün ölkə ərazisində keçirilən seçki kimi tarixə düşdü: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən tarixi Zəfər, həmçinin ötən il keçirilən bir günlük antiterror tədbiri yeni reallıqlar yaradıb. Bu seçki də həmin reallıqlar fonunda keçirildi və müstəqil Azərbaycanda bütün ölkə ərazisində keçirilən seçki kimi tarixə düşdü. Bu, seçkini tarixə yazan başqa bir məqam isə xalqın prosedə yüksək mütəşəkkilliklə iştirak etməsi ilə bağlı oldu. Azərbaycan xalqı növbəti dəfə tarix yazdı. Bu tarix isə siyasət meydanında yazıldı. Azərbaycan xalqı yenə dünyaya nümunə oldu”.

C.Aydının sözlərinə görə, bu seçkini tarixə yazan başqa bir məqam isə ölkə hüdudlarından kənarda müvəqqəti olaraq yaşayan, işləyən, yaxud da təhsil alan azərbaycanlıların da yüksək fəallıqla səsvermədə iştirak etməsi oldu: “Bu baxımdan Eskişehirdəki azərbaycanlılar da seçkidə yüksək fəallıq nümayiş etdirdilər. Xəbər verdiyimiz kimi Azərbaycanın Türkiyədəki səfirliyinin və Xarici İşlər Nazirliyinin müvafiq göstərişi ilə Eskişehirdə səyyar səsvermə təşkil edildi. Bunun nəticəsində də Eskişehirlə yanaşı Kütahya və Afyonda olan Azərbaycan vətəndaşları da gəlib Eskişehirdə səs verə bildilər. Səfirliyin Türkiyənin xarici və daxili işlər nazirliklərinə yazdığı bilgiləndirmə məktubuna əsasən səyyar səsvermə Eskişehir Azərbaycanlılar Dərnəyində reallaşdırıldı. Ümumilikdə həm Eskişehirdə, həm də Kütahya və Afyonda olan Azərbaycan vətəndaşları yüksək fəallıqla seçkidə iştirak etdilər”.

Mission News Theme by Compete Themes.