Son yeniləmə: 8 Fevral 2024 12:41
Dr. Yücel Karauz: Bu, bütün mənalarda tarixi seçki idi və nəinki Azərbaycanın, ümumilikdə türk dünyasının tarixinə yazıldı
BAYRAQDAR MEDİA – “Azərbaycanda Zəfər seçkisi uğurla başa çatdı. Gözlənildiyi kimi Qalib Xalqın Qalib Lideri cənab Ali Baş Komandan İlham Əliyev seçkidə iştirak edənlərin mütləq əksəriyyətinin səsini qazanaraq, növbəti müddətə ölkə prezidenti seçildi. Bu, bütün mənalarda tarixi seçki idi və nəinki Azərbaycanın, ümumilikdə türk dünyasının tarixinə yazıldı. Ona görə də mən bu münasibətlə Azərbaycan başda olmaqla bütün türk dünyasını təbrik edirəm”.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
İlham Əliyev Azərbaycanı yeni dönəmdə növbəti uğurlara aparmaq üçün xalqdan səlahiyyət aldı
Onun sözlərinə görə, bununla da İlham Əliyev Azərbaycanı yeni dönəmdə növbəti uğurlara aparmaq üçün xalqdan səlahiyyət aldı: “Bu, sadə bir məsələ deyil. Çünki demokratik cəmiyyətlərdə seçki və xalqdan yüksək dəstək almaq xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan yenə də tarix yazdı. Bu tarix həm yüksək demokratik şəraitdə, şəffaf seçkinin keçirilməsi, həm də xalqın mütləq əksəriyyətinin cənab İlham Əliyevə yenidən etimad göstərməsi ilə yazıldı”.
Bu, vacib və mühüm idi
Türkiyəli general deyib ki, növbədənkənar prezident seçkisinin niyə keçirildiyinin səbəbi də məhz tarixi prosesdən doğurdu: “Çünki 44 günlük Vətən müharibəsindən və 2023-cü ilin sentyabrında bir günlük lokal xarakterli antiterror tədbirindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərpa edildi. Yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçirilirdi. Təbii ki, ilk olaraq məhz prezident seçkisinin keçirilməsi vacib və mühüm idi”.
Dr. Yücel Karauz qeyd edib ki, bu seçkinin başqa bir baxımdan da tarixi önəmi var: “Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi artıq Azərbaycan yeni dönəmə qədəm qoyur və bu dönəmdə qarşıya da yeni hədəflər qoyulub. Şübhəsiz ki, bu hədəflərə çatmaq üçün xalqın etimadının yenilənməsi də əhəmiyyətlidir. Buna görə də növbədənkənar prezident seçkisi vacibdir. Bütün bunların fonunda seçkilər yüksək əhval-ruhiyyədə və xalqın çoxluğunun iştirakı ilə keçirildi. Xüsusilə işğaldan azad edilmiş əraizlərdə seçki məntəqələrinin qurulması, öz doğma yurdlarına qayıdan azərbaycanlı bacı-qardaşlarımızın o məntəqələrə toya-bayrama gedərmiş kimi üz tutması ilə bağlı kadrları izləmək isə bizdə ayrı bir xoş əhval-ruhiyyə oyatdı”.
Bu seçki bəzi məkrli xarici ölkə və beynəlxalq təşkilatlara da tutarlı cavab oldu
Müsahibimizin sözlərinə görə, bu seçkilər Azərbaycanı haqsız yerə hədəfə alan, ermənipərəst yanaşma ilə Azərbaycana iftira yağdıran, qələbəni həzm edə bilməyən bəzi məkrli xarici ölkə və beynəlxalq təşkilatlara da tutarlı cavab oldu: “Yüksək seçici fəallığı, demokratik və şəffaf seçki, xarici müşahidəçilərin bolluğu, hətta ABŞ-dan olan qurumun exitpoll keçirməsi bütün dünyanın gözü qarşısında oldu. Bu, Azərbaycanı, türk dünyasını istəməyən xaric- məkirli qeüvvələrə turarlı cavab idi. Azərbaycan demokrartik seçki ilə, sabit bir şəaritdə və xalqın dövlət başçısını dəstəkləməsi ilə dünyaya bir nümunə göstərdi. Düzdür, həmin qara, məkrli qüvvələr öz əməllərindən əl çəkmirlər və bundan sonra da çəkməyəcəklər. Elə seçki günü cəhd edilən videotəxribat da bunu təsdiqləyir. Amma Azərbaycanın müvafiq qurumlarının həmin təxribatı operativ şəkildə və bütün çılpaqlığı ilə ifşa etməsi də tarixə yazıldı. Dünya bir daha Azərbaycan dövlətinin gücünü və qurumların necə dəqiqliklə işlədiyini gördü”.