Press "Enter" to skip to content

Bayraqdar şairdən seçki gününə möhtəşəm şeir

Ramiz QUSARÇAYLI

BAYRAQDAR MEDİA 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı Bayraqdar şarı Ramiz Qusarçaylının şeirini təqdim edir.

Ramiz QUSARÇAYLI – Qarabağım səs verir

30 ildi Şuşada yoxuydu Vətən səsi,
Yoxuydu Xankəndinin hayqırıb ötən səsi,
Qayıdır Kəlbəcərin, Laçının itən səsi
İstiqlalım həkk olur bir ilahi dastana,
Qarabağım səs verir qalib Azərbaycana!

Araz pəjmürdə idi,
Xudafərin pərişan,
Nə bir həyanı vardı, nə halını soruşan,
Öz halal məcrasına qovuşur Suqovuşan,
Təbriz, Culfa, Naxçıvan – o tay, bu tay can cana,
Qarabağım səs verir qalib Azərbaycana!

Güllənir hər ürəkdə “Xarı bülbül” butası,
“Uvertüra” ləngəri,
Xan şikəstə sədası,
Hər dildə, hər dodaqda “Azərbaycan” nidası,
Qiyamətə qalmayan qisasım var, –
“Qan qana!”
Qarabağım səs verir qalib Azərbaycana!

Hər qazi dağ qartalı,
hər qartal saymaz sarı,
Şəhid ruhundan keçir mələklərin güzarı,
Sayrışır nur içində hər şəhidin məzarı
Muştuluğa tələsir əlində gül bir ana,
Qarabağım səs verir qalib Azərbaycana!

Canımdan can calanan canım Azərbaycanım,
Damarımda çağlayan qanım Azərbaycanım,
Şərəfim Azərbaycanım, şanım Azərbaycanım,
Car çəkirəm Göyçəyə, Zəngəzura, Zəncana,
Qarabağım səs verir qalib Azərbaycana!

Hardasınız, hay verin hayın havadarları,
Viran çölün, çəmənin, çayın havadarları,
Ey toyun qənimləri, vayın havadarları,
Gör nə gözəl yaraşır Zəfər Azərbaycana!
Qarabağım səs verir qalib Azərbaycana!

Mən savaşa çarpılan qurğuşun “Yox” kimiyəm,
Mən düşmənin bağrına saplanan ox kimiyəm,
Polad sipər kimiyəm, dəmir yumruq kimiyəm,
Bayrağım, – hürr qartalım, qıy çəkir bu meydana,
Qarabağım səs verir qalib Azərbaycana!

Mission News Theme by Compete Themes.