Son yeniləmə: 6 Fevral 2024 15:35
BAYRAQDAR MEDİA – Türk Dünyası Mediatorlar Birliyinin rəhbəri, Türkiyə Ədliyyə Nazirliyinin Mediasiya Şurasının İdarə Heyətinin üzvü Yakup Erikelin başçılıq etdiyi nümayəndə heyəti Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “Agentliyin Aparat rəhbəri Fuad Qarayev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu diqqətə çatdırılıb. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görüldüyü bildirilib”.