Son yeniləmə: 6 Fevral 2024 14:15
BAYRAQDAR MEDİA – “Müasir metodik xidmətin təşkili” layihəsinə cəlb olunan ümumi təhsil müəssisələrinin direktorları və məktəblərdə metodik xidmət göstərən metodistlərlə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, “görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, İdarənin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə iştirak edib”.
Məlumata görə, Mehriban Vəliyeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə həyata keçirdiyi “Müasir metodik xidmətin təşkili” layihəsinin əsas məqsədinin təhsilverənlərin metodiki və pedaqoji bacarıqlarını inkişaf etdirmək, onlara bu istiqamətdə dəstək göstərmək, şagird nailiyyətlərini artırmaq və tədris prosesində sağlam psixoloji mühiti formalaşdırmaqdan ibarət olduğunu bildirib: “Layihənin və məktəb daxilində metodik xidmətin əhəmiyyətindən danışan M.Vəliyeva əməkdaşlıq və qarşılıqlı müzakirənin müəllimlərin peşəkar inkişafına təkan verdiyini deyib”.
Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə müasir metodik xidmətin qurulması barədə ətraflı məlumat verib. O, layihənin ilkin mərhələsi ilə əlaqədar təlimatları iştirakçıların diqqətinə çatdırıb. Sektor müdiri layihəyə paytaxt üzrə 26 məktəbin cəlb olunduğunu bildirib.
Sonda layihə ilə bağlı suallar cavablandırılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.