Son yeniləmə: 6 Fevral 2024 13:26
BAYRAQDAR MEDİA – Son dərəcə ağır vəziyyətdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilən pasiyentin eyni vaxtda 5 orqanı üzərində cərrahi əməliyyat həyata keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 5 saatdan artıq davam edən əməliyyat uğurla başa çatıb: “Əvvəllər bir neçə özəl xəstəxanaya müraciət edən və bu üsulda əməliyyatın qeyri-mümkünlüyü bildirilən 1955-ci il təvəllüdlü şəxs hazırda özünü yaxşı hiss edir. Məlumat üçün bildirək ki, tibb müəssisəsinin II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən mədəaltı vəzin başının xərçəngi diaqnozu qoyulan xəstə üzərində distal qastrektomiya, duodenumektomiya, xolesistektomiya, pankreasın başının rezeksiyası, omentumektomiya, D2 limfodisseksiya əməliyyatları icra olunub”.
Əməliyyatdan sonra pasiyentin vəziyyətində yaxşılaşma müşahidə edilib və bir neçə gün zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.