BAYRAQDAR MEDİA – Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı intensiv işləməyə davam edir. Səsvermə üçün hər şey hazırdır, yüksək seçici fəallığı gözlənilir.
Bu arada o da bəlli olur ki, hazırkı seçkidə əvvəlki seçkilərdən fərqli olaraq bir sıra seçki dairələrinin hüdudları və nömrələri dəyişdirilib. Belə dairələr arasında Xaçmaz rayonunu əhatə edənlər də var.
Xatırladaq ki, sonuncu parlament seçkisində – 2020-ci ilin fevralında Xaçmazda iki seçki dairəsi vardı. Bunlar 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələri idi.
İndi isə Xaçmazın üçüncü seçki dairəsi də var. Fevralın 7-də Xaçmaz seçiciləri 3 ayrı dairədə səs verəcək.
Xaçmaz şəhər və Xaçmaz kənd seçki dairələri qalsa da onların nömrə və hüdudlarında dəyişiklik edilib. Eyni zamanda Şabranla ortaq bir dairə də təşkil olunub.
Beləliklə, əvvəlki 56 saylı indi 58 saylı Xaçmaz kənd seçki dairəsi (mərkəzi Xudat şəhəri) olub. 55 saylı isə 57 saylı Xaçmaz şəhər seçki dairəsidir (mərkəzi Xaçmaz şəhəri).
Bunlarla bərabər 56 saylı Şabran-Xaçmaz seçki dairəsi də təşkil edilib.
Onu da əlavə edək ki, bir sıra başqa seçki dairələrinin də hüdudları və nömrələri dəyişdirilib.