BAYRAQDAR MEDİA – Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” adlı fərdi sərgisinin açılışı keçirilib.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “sənətkarın yaradıcılığının 50 illiyi münasibəti ilə keçirilən sərgidə 30-a qədər qobelen təqdim edilir. Burada A.Şıxəliyevin keçmişdə və müasir dövrdə Azərbaycanın həyatında baş vermiş mühüm tarixi hadisələrə həsr olunan “Qarabağdan məktub”, “Zəfər yolu”, “Şuşa” (triptix), “Vətənim mənim”, “Şuşada toy” əsərləri, Azərbaycanın Ümummilli Liderinə ithaf edilən “Heydər Əliyev” portreti, milli ornamentlərlə zənginləşdirilmiş “Köç” qobeleni sərgilənir. Tamaşaçılar rəssamın yaradıcılığının mühüm hissəsini təşkil edən Abşeron motivli “Nar bağı”, “Mamırlı daşlar”, “Abşeron”, “Qızıl balıq” kimi əsərlərlə, həmçinin real və mifik heyvanların, gül və ağac təsvirlərinin əks etdirildiyi müxtəlif mövzulu qobelenlərlə tanış olurlar”.
Ziyarətçilər bir çox yerli və xarici sərgilərin iştirakçısı olan, qobelen texnikasının imkanlarından maksimum yararlanaraq “Odlar yurdu” və “Payız çiçəkləri” kimi əsərlər ərsəyə gətirən rəssamın ecazkar yaradıcı dünyasını kəşf edirlər.
Sərgidə A.Şıxəliyevin qobelenləri ilə yanaşı, özünün təbii boyaqlarla rənglədiyi, onun ideyalarına həyat verən iplər və onların rənglənməsində istifadə edilən bitkilər də təqdim olunur.
Qeyd edək ki, sərgi martın 6-dək davam edəcək.